Accessibility links

Məhkəmə AXCP fəalının vəsatətini təmin etməyib


Babək Həsənov
Babək Həsənov

Nizami Rayon Məhkəməsində çərşənbə günü Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, Qarabağ döyüşçüsü Babək Həsənovun onlayn formada məhkəməsi keçirilib. Məhkəmədə Babaək Həsənovun cəzasının üçdə ikisini artıq çəkməsi ilə əlaqəli olaraq vaxtından əvvəl azadlığa buraxılmasına dair mürəciətinə baxılıb.

Məhkəmə Babək Hüseynovun vəsatətini təmin etməyib. Məhkəmə qərarını AXCP fəalının bir neçə ay öncə nizam-intizam qaydalarını pozduğuna görə cərimə kamerasına salınması ilə əsaslandırıb.

Müdafiə tərəfi məhkəmənin qərarını əsassız hesab edir.

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov 2018-ci il mayın 25-də saxlanılıb. AXCP fəalları ilə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilib.

Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumatına görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur.

Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş fəalların həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə günahkar bilinib.

Bakı Ağır Cinayətlər Məhkəməsi Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovu 7 il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu 4 il, bu partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovu 3 il həbsə məhkum edib.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək, bunu “qurama iş” adlandırıb.

XS
SM
MD
LG