Accessibility links

Məhkəmə AXCP fəallarını həbsdə saxlayıb


Nəsimi rayon Məhkəməsi

Bu gün, sentyabrın 2-də Bakının Nəsimi rayon Məhkəməsi iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək aksiyası zamanı yaranmış insident faktı ilə bağlı qaldırılmış cinayət işi üzrə barələrində həbs qətimkan tədbiri seçilən AXCP fəallarının həbsinin ev dustaqlığı ilə əvəzlənməsinə dair vəkillərin vəsatətlərini təmin etməyib. Fəallara qarşı Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının məlumatında deyilir ki, hakim Ramin Xəlilovun sədrliyi ilə Gündüz Mirzəyev və Telman Seyfullayev, hakim Elməddin Hüseynovun sədrliyi ilə Baba Süleymanov barədə vəkillərin verdiyi vəsatətlər təmin edilməyib.

Vəkillər məhkəmənin qərarlarından apellyasiya şikayətləri veriləcəyini bildirib.

AXCP-nin məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-15-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 48 nəfər fəalı həbs edilib.

“Onlardan 17 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 18 nəfər inzibati qaydada həbs edilib. 1 nəfər ev dustaqlığındadır. 12 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. AXCP-nin 10 üzvü öncədən siyasi məhbusdur. Beləliklə, hazırda AXCP-nin 43 fəalı siyasi sifarişlə həbsdədir,” məlumatda qeyd edilir.

Qısa tarixcə və rəsmi məlumat

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.

Yaranmış insidentlə bağlı cinayət işi qaldırlıb, çoxsaylı insan həbs edilib.

Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir.

Şərhlərə bax

XS
SM
MD
LG