Accessibility links

Məhkəmə AXCP funksionerini ev dustaqlığına buraxmayıb


Ayaz Məhərrəmov

Avqustun 20-də Bakının Nəsimi rayon Məhkəməsi hakim Babək Pənahovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Ayaz Məhərrəmovun həbsinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəkil Fariz Namazlının verdiyi vəsatəti təmin etməyib.

AXCP-nin məlumatına görə, Ayaz Məhərrəmovun özü məhkəmədə iştirak edib.

Vəkil məhkəmə qərarından apelyasiya şikayəti verəcəyini bildirib.

Ayaz Məhərrəmov iyulun 14-15-də Azərbaycan Ordusunu müdafiə məqsədi ilə keçirilən aksiya zamanaı yaranmış insident faktı ilə bağlı qaldırılmış cinayət işi üzrə iyulun 19-da saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 186.2.1-ci (zərər çəkmiş şəxsə böyük ziyan vurmaqla əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin təşkili və ya belə hərəkətlərdə fəal iştirak), 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zorakılıq tətbiq etmək) maddələri üzrə ittiham irəli sürülüb. İyulun 20-də Nəsimi rayon Məhkəməsi Məhərrəmov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

“Ayaz Məhərrəmov aksiyada iştirak etmədiyini, heç bir şəxsə, obyektə zərər vurmadığını, hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zorakılıq tətbiq etmədiyni bildirib. Əgər, o aksiyada iştirak etməyibsə bu hərəkətləri necə edə bilərdi? Məhərrəmovun həbsi AXCP-yə qarşı aparılan amansız siyasətin tərkib hissəsidir,” AXCP bildirir.

AXCP-nin məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-15-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 48 nəfər fəalı həbs edilib.

“Onlardan 17 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 18 nəfər inzibati qaydada həbs edilib. 1 nəfər ev dustaqlığındadır. 12 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. AXCP-nin 10 üzvüöncədən siyasi məhbusdur. Beləliklə, hazırda AXCP-nin 43 fəalı siyasi sifarişlə həbsdədir,” məlumatda qeyd edilir.

Qısa tarixcə və rəsmi məlumat

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.

Yaranmış insidentlə bağlı cinayət işi qaldırlıb, çoxsaylı insan həbs edilib.

Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir.

XS
SM
MD
LG