Accessibility links

Məhkəmə Cahangir Hacıyevlə bağlı yeni qərar verib


Cahangir Hacıyev
Cahangir Hacıyev

Bakının Qaradağ Rayon Məhkəməsi "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti (ASC) İdarə Heyətinin keçmiş rəhbəri Cahangir Hacıyevin yeni istintaq üzrə həbs müddətinin daha 2 ay artırılması ilə bağlı qərar verib.

Bu barədə Qaradağ Rayon Məhkəməsinin saytında bildirilir.

Məlumata görə, məhkəmə ibtidai istintaqın təqdimatı əsasında qərar çıxardıb.

Cahangir Hacıyev hazırda mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət və dövlət hakimiyyəti, dövlət qulluğu mənafeyi, kommersiya, qeyri-kommersiya təşkilatlarinda qulluq mənafeyi ilə bağlı cinayətlərdə ittiham olunur. Onun Cinayət Məcəlləsinin 179 (Mənimsəmə), 193 (Cinayət yoluyla əldə edilmiş pulların leqallaşdırılması), 213 (Vergidən yayınma), 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (Vəzifə səlahiyyətlərini aşma) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə istintaq edildiyi bildirilir.

Hacıyev 2015-ci ilin dekabrında həbs olunub və 2016-cı ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

Hacıyev özünü təqsirli bilmir.

Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva isə bu günlərdə Londonda həbs edilib və sonra 500 min funt sterlinq girov müqabilində ev dustaqlığına buraxılıb. Londondakı Uestminister Məhkəməsində aydın olub ki, Hacıyeva Azərbaycan hökumətinin ekstradisiya müraciəti əsasında həbs edilib.

Belə ki, Londonun Harrods mağazasında 16 milyon funt sterlinq xərcləmiş və Birləşmiş Krallığın İzahedilməz Sərvət Qanunun ilk hədəfi olan Zamirə Hacıyevanın Azərbaycana ekstradisiya məsələsi də gündəlikdədir.

Londonda sözügedən mağazanın yaxınlığında 15 milyon funt sterlinq qiymətində evdə yaşayan Zamirə Hacıyevaya noyabrın 6-da Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO-UNEXPLAINED WEALTH ORDERS) çərçivəsində order təqdim olunub.

UWO, Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.

İzahedilməz Sərvət Orderinin təqdim olunması o demək idi ki, Zamirə Hacıyeva öz sərvətinin mənbəyini təsdiq edən sənədləri təqdim etməlidir.

Milli Cinayət Agentliyi Hacıyeva barəsində cinayət təhqiqatını davam etdirir.

Hacıyevanın vəkilləri israr ediblər ki, “bədxərc” olmasına baxmayaraq onların müştərisi “fırıldaqçı” deyil və ölkəni tərk etməyi düşünmür.

Vəkil Hugo Keith əlavə edib ki, Hacıyeva Azərbaycanda "zorakı oğurlanmaya" məruz qaldıqdan sonra Azərbaycanı tərk edib və 10 ilə yaxındır uşaqları ilə birlikdə Britaniyada yaşayır.

Ötən həftə agentlik onun ailəsinə məxsus 400 min funt sterlinq dəyərində zinət əşyalarını müsadirə edib. Ailə bu əşyaları Christie's-də hərraca qoymaq istəyirdi.

XS
SM
MD
LG