Accessibility links

Məhkəmə Fuad Qəhrəmanlını həbsdə saxlayıb


Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı

Cümə günü, sentyabrın 18-də Bakının Nəsimi rayon Məhkəməsi hakim Ceyhun Tağıyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Fuad Qəhərmanlı barədə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatəti təmin etməyib. Məhkəmədə Fuad Qəhərəmanlının hüquqlarını dövlət tərəfindən təyin edilmiş vəkil Araz Həsənov müdafiə efib.

Araz Həsənov Amerikanın Səsinə bildirib ki, məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

Onun sözlərinə görə, Fuad Qəhrəmanlı məhkəmə iştirak edib və səhhətində hər hansı problem yoxdur.

Vəkil Fuad Qəhrəmanlının məhkəmədə çıxış etdiyni desə də, detalları barədə məlumat verməyib.

“Fuad Qəhrəmanlı məhkəmədə çıxış etdi və bizim fikirlərimiz üst-üstə düşür. Məhkəmənin qərarından apellyasiya şikayəti verəcəm,” o qeyd edib.

Bununla yanaşı, Fuad Qəhrəmanlının ailəsinin müqavilə bağladığı vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib ki, sentyabrın 2-dən Fuad Qəhərmanlının ailəsi ilə bağladığı müqaviləni istintaqa təqdim etsə də, istintaq orqanı hələ də onu müdafiə etdiyi şəxsə təqdim etməyib.

“İstintaq orqanının məni müdafiə etdiyim şəxsə təqdim etməməsi ilə bağlı Baş Prokurora şikayət yazmışam,” vəkil qeyd edib.

Fuad Qəhrəmanlının iyulun 14-dən 15-nə keçən gecə Qarabağa dəstək yürüşündə baş verənlərə (bir qrup şəxsin parlamentin binasına girişi, polis maşınının aşırılması) görə başlanmış cinayət işi üzrə istintaqa iyulun 23-də cəlb olunub, barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

AXCP saxlanılma zamanı Qəhrəmanlının ağır işgəncələrə məruz qalması ilə bağlı məlumatlar yayıb. Qəhrəmanlı müstəqil vəkil Bəhruz Bayramovdan imtina edib. Onun hüquqlarını dövlət tərəfindən təyin edilən vəkil müdafiə edib.

Öz növbəsində, hüquq-mühafizə orqanları Fuad Qəhrəmanlının saxlanılma və istintaq zamanı hər hansı işgəncəyə məruz qalmadığını bildirib.

AXCP funksionerinə öncə Cinayət Məcəlləsinin (CM) 278-ci-ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa yönəlik hərəkətlər) ilə də ittiham verilib. İbtidai istintaqın yekununda bu ittiham götürülüb.

Qəhrəmanlı həm də bir çox əqidə yoldaşları ilə birgə CM-nin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə günahlandırılır.

Hazırda Fuad Qəhrəmanlı və digərləri barəsində qaldırılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb və yaxın günlərdə baxılması üçün məhkəməyə göndəriləcəyi gözlənilir. Cinayət işi üzrə 37 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub, onların 36 nəfəri barədə həbs qətimkan tədbiri seçilib.

Fuad Qəhrəmanlı buna qədər 2 dəfə uzunmüddətli həbsə məhkum edilib, bir neçə dəfə inzibati qaydada sutkalıq cəzalar alıb.

O, sonuncu dəfə uzunmüddətli həbsə 2015-ci ildə 6 nəfərin ölümü ilə nəticələnən Nardaran hadisələri ilə bağlı yazdığı statuslara görə məhkum edilmişdi.

Qəhrəmanlı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham edilərək 10 il azadlıqdan məhrum edilmişdi.

2019-cu il martın 16-da əfv sərəncamı ilə azadlığa çıxan Fuad Qəhrəmanlı ittihamları qəbul etmirdi.

AXCP-nin məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə AXCP-nin 45 nəfər fəalı həbs edilib.

“Onlardan 17 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər inzibati qaydada həbs edilib, 13 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. AXCP-nin 10 üzvü isə öncədən siyasi məhbusdur. Beləliklə hazırda AXCP-nin 42 fəalı siyasi sifarişlə həbsdədir,” məlumatda qeyd edilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG