Accessibility links

Məhkəmə generalı ev dustaqlığına buraxmayıb


Rövşən Əkbərov
Rövşən Əkbərov

Bu gün, iyulun 16-da Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçmiş korpus komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

O 2001-ci ildə Kiyevdə biznesmen Elçin Əliyevin qəsdən qətlə yetirilməsində ittiham olunur.

Hazırlıq iclasında vəkillər bəzi şahidlərin, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş rəhbəri Nazim İbrahimovun ifadələrinin iş materiallarından çıxarılması barədə vəsatət qaldırıb.

Əkbərovun müdafiəsinin iddiasına görə, onlar istintaqın əvvəlində bildiriblər ki, qətli kimin törətdiyini görməyiblər, ötən il isə Əkbərovu göstəriblər.

Müdafiə tərəfi qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə vəsatət qaldırıb.

Öz növbəsində zərərçəkmişin hüquqi varisinin nümayəndəsi Elçin Əsədov Əkbərova qarşı 1 milyon 220 min manat məbləğində mülki iddia irəli sürüb.

Məhkəmə müdafiə tərəfinin vəsatətini təmin etməyib, zərərçəkmişin nümayəndəsinin iddiası isə icraata qəbul edilib.

Məhkəmə dinləmələri iyulun 30-na təyin edilib.

2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kyivdə biznesmen Elçin Əliyev bıçaqla qətlə yetirilib. Şahidlərdən biri və mərhumun anası birbaşa qatilin Rövşən Əkbərov olduğunu deyib.

O zaman bu hadisə ört-basdır edilib. Ola bilsin ki, 1994-cü və 1995-ci illərdə Bakıda və Gəncədə hökumət əleyhinə çıxışların qarşısının alınmasında Əkbərovun xidmətlərini nəzərə alıblar. Buna görə ona Milli Qəhrəman adı verilmişdi.

55 yaşlı Rövşən Əkbərov ordu korpusunun komandiri olub, Birinci Qarabağ Müharibəsində iştirak edib.

XS
SM
MD
LG