Accessibility links

Məhkəmə hüquq müdafiəçisinin üzərindən məhkumluğunu götürmədi


Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi, keçmiş siyasi məhbus Rüfət Səfərovun üzərindən məhkumluğunun götürülməsi barədə müraciətini təmin etməyib.

O, məhkumluğunun vaxtından əvvəl üzərindən götürülməsi ilə bağlı Binəqədi rayon Məhkəməsinə müraciət etsə də, məhkəmə müraciəti təmin etməyib.

Hüquq müdafiəçisi birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Rüfət Səfərovun Amerikanın Səsinə müsahibəsində bildirib ki, ikinci instansiya məhkəməsinin qərarı ilə razılaşmır.

“Məqsəd budur ki, Vəkillər Kollegiyasında vəkil kimi fəaliyyət göstərmək istəyirəm. Qanunvericiliyə görə üzərimdə ağır ittiham varsa, Vəkillər Kollegiyasında fəaliyyət göstərməyim istisna olunur. Hələ ki, müraciətim təmin olunmur. Hələ o başqa məsələ ki, məni Vəkillər Kollegiyasına qəbul edəcəklər, yoxsa yox. Hər halda səy göstərirəm ki, Müdafiə Xətti insan hüquqları təşkilatı olaraq, eyni zamanda, vətəndaşlara cinayət və cinayət prossesual hüquq sahəsində də yaxından köməklik göstərsin. Azərbaycan məhkəmələrindəki durum aydındır. Çünki məhkəmələr ədalətə söykənmir. Məhkəmələr qeyri-adildir. Apellyasiya Məhkəməsi verilən direktivə uyğun olaraq, bu qərarı verdi. Hesab etdilər ki, mənim üzərimdən məhkumluq götürülməli deyil. İctimai təhlükəli mahiyyət daşıyıcısıyam. Əslində Azərbaycanda bir daha təsdiqlənir ki, hüquqi nihilizm var. Bir səbəb var hakimiyyətin hüquq siyasətindən fərqli düşüncə sahibiyik insan haqları təşkilatı olaraq hakimiyyətin bu yöndəki fəaliyyətini təqdir etmirik. İstiqamətimiz müxalifyönlü olduğuna görə Azərbaycan hakimiyyəti istəməz ki, üzərimizdən məhkumluq götürülsün.”

O bildirir ki, bu iş üzrə Azərbaycanda daxili instansiya məhkəmələrini keçdikdən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.

“Daxili instansiyaları keçdikdən sonra Avropa Məhkəməsinə müraciət edəcəm. Bu, artıq mənim Avropa Məhkəməsində 3-cü işim olacaq. Bunlar onun göstəricisidir ki, sadəcə bu kimi müraciətlər yekun etibarı ilə Avropa Məhkəməsinin haqlı qərarları, Azərbaycanın onsuz da bərbad olan hüquqi simasını daha da bərbadlaşdırır”.

Zərdab Rayon Prokurorluğunun müstəntiqi olan Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb. O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb.

Azərbaycan hakimiyyəti ölkədə insan haqlarının vəziyyətinə dair indiyədək səslənən tənqidləri bir qayda olaraq rədd edir. Hakimiyyət təmsilçiləri Azərbaycanda bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

XS
SM
MD
LG