Bu gün, yanvarın 12-də Jamaz.info Xəbər Portalının rəhbəri Fikrət Fərəməzoğlu inzibati qaydada 500 manat cərimə olunub.
Bu barədə jurnalistin özü məlumat yayıb.
Fərəməzoğlunun sözlərinə görə, yanvarın 12-də o, Baş Prokurorluqda Cinayət Təqibi olmayan işlər üzrə İdarəyə dəvət edilib.
“Dəvət olunmağıma səbəb ötən gün jamaz.info-da yayımladığım "Xankəndidən Şuşa şəhəri atəşə tutuldu" başlıqlı yazıdır. Prokurorluq belə qənaətə gəlib ki, həmin yazı cəmiyyətin müəyyən təbəqəsində çaşqınlıq yaradıb, müəyyən qism narahat olub və qorxu keçirib. Təbii ki, bu iddianı qəbul etmədim və uzun sürən müzakirədən sonra hər birimiz öz mövqeyimizdə qaldıq. Nəhatət, prokurorluq hesab etdi ki, mən İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsini (“Informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) pozmuşam və məhkəmə bununla bağlı qərar verməlidir. Ardından Sabunçu rayon Məhkəməsinə gətirildim və hakim Anar Rzayevin sədirliyi ilə proses keçirildi. Hakimin qərarına əsasən mən sözügedən maddə üzrə "təqsirliyəm" və ona əsasən 500 manat cərimə olundum,” jurnalist qeyd edib.
Jurnalist məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.
Məhkəmənin qərarı sosial şəbəkəlrdə tənqidlərə səbəb olub.
Fərəməzoğlu bundan öncə Baş Prokurorluq tərəfindən 2020-ci il yanvarın 21-də xəbərdarlıq edilib.
Baş Prokurorluq hesab edib ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın ölüm işi üzrə həyata keçirilmiş istintaq hərəkətləri barədə ətraflı rəsmi məlumat verilsə də, Jamaz.info saytı sensasiya naminə qərəzli şəkildə, həqiqətə uyğun olmayan və istintaq araşdırmalarının maraqlarına zidd olmaqla cəmiyyətə yanlış məlumat verib.
Jurnalist yaydığı məlumatın qərəzli və sensasiya xatirinə olmadığını bildirib.
Nərmin Quliyeva adlı 10 yaşlı uşaq 2019-cu ilin noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində itkin düşüb. Onun meyiti bir müddət sonra Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. Bu iş üzrə məhkəmə hazırda davam edir.
Fikrət Fərəməzoğlu daha əvvəl, 2017-ci il Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 182-ci maddəsiylə təqsirli bilinərək 7 il azadlıqdan məhrum olunub. O, müxtəlif restoran, iaşə obyektləri sahiblərindən hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinib.
Redaktor ittihamı qəbul etmir, iddia edir ki, sifarişlə həbs olunub. Onun sözlərinə görə, həmin obyektləri vəzifəli şəxslər himayə edir.
2019-cu il martın 18-də prezident İlham Əliyevin əfv sərəncamı ilə Fikrət Fərəməzoğlu azadlığa buraxılıb.