Bakının Binəqədi rayon Məhkəməsi müxalif jurnalist və fəal Mustafa Hacıbəylinin prokurorluğa qarşı şikayətini təmin etməyib.
Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri və Basta saytının rəhbəri Mustafa Hacıbəyli Binəqədi rayon Prokurorluğunun hərəkətsizliyindən şikayət verib.
Şikayət ötən ilin fevralında Mərkəzi Seçki Komissiyasının binası qarşısında etiraz aksiyası zamanı Hacıbəylinin saxlanılması və döyülməsi ilə bağlıdır. Prokurorluq cinayət işi açmaq üçün “əsas” görməyib. Bununla əlaqədar jurnalist prokurorluğun hərəkətsizliyindən məhkəməyə şikayət verib.
Yanvarın 28-də Binəqədi rayon Məhkəməsində proses başlayıb, vəkil Nemət Kərimli prosesə buraxılmayıb.
Fevralın 5-də proses davam etdirilib, vəkil yenə məhkəmə zalına buraxılmayıb.
“Mənə qarşı güc tətbiq edilməklə saxlanıldığımı göstərən videonun işə əlavə olunmasıbarədə vəsatət qaldırmışdım. Amma məhkəmə vəsatəti təmin etməyib. Prokurorluq nümayəndəsi deyib ki, aksiya icazəsiz olub və həmin aksiyada iştiraka görə inzibati məsuliyyət nəzərdə tutulur. Amma mən hüquq pozuntusuna yol vermişəmsə məni döymək yerinə inzibati məsuliyyətə cəlb edə bilərdilər. Ekspertiza alt dodağımda yara, sağ və sol gözlərimdə qançırlar olduğunu təsdiq edib,” Hacıbəyli bildirib.
Nəticədə məhkəmə şikayəti təmin etməyib. Hacıbəyli apellyasiya şikayəti vermək niyyətindədir.