Accessibility links

Məhkəmə jurnalistin AzərTAC agentliyinə qarşı şikayətini təmin etməyib


Aygün Əliyeva foto Aygün Əliyevanın Facebook səhifəsindən götürülüb

Bakı Apellyasiya Məhkəməsində AzərTAC Dövlət İnformasiya Agentliyinin keçmiş əməkdaşı Aygün Əliyevanın işdən çıxarılması ilə bağlı şikayətinə baxılıb.

Jurnalist apellyasiya şikayətində işə bərpa olunmasını və agentlikdə əmək fəaliyyətinə məcburi xitam verildiyi dövr üçün kompensasiya ödənilməsini xahiş edib.

Onun vəkili Bəhruz Bayramov məhkəmədə bildirib ki, Əliyevanın işdən azad edilməsi onunla əsaslandırılıb ki, o, xidməti vəzifələrini lazımi səviyyədə yerinə yetirməyib, mətnlərdə səhvlər edib.

Vəkil onu da qeyd edib ki, əslində isə jurnalist Facebook-da bələdiyyə haqda tənqidi statusa görə işdən çıxarılıb, vəkil bildirib.

"Məsələn, Aygün Əliyeva bələdiyyə seçkiləri ilə əlaqədar öz profilində belə yazmışdı: "Mən niyə səsverməyə getməliyəm? Onlar heç bir zibil vedrəsi də quraşdırmayıblar". Bundan sonra ondan izahat yazmağı tələb edbilər. Özünün dediyi kimi, onun postunu az qala "dövlətə xəyanət" kimi qiymətləndiriblər."

Həmçinin Əliyevanı "iki uşaq dünyaya gətirməsi” barədə statusuna görə "təqsirli” biliblər. Bu, AzərTAC-ın korporativ etikasının pozulması kimi qiymətləndirilib.

Vəkil qeyd edib ki, jurnalist agentliyin rəsmi səhifəsində yox, öz şəxsi profilində yazıb və ona qarşı iddialar əsassızdır.

Müdafiə tərəfi bildirib ki, Əliyeva AzərTAC-da 20 ildən artıq işləyib və peşə fəaliyyətilə bağlı heç bir irad olmayıb.

Bəhruz Bayramiov bildirib ki, AzərTAC-ın nümayəndəsi Mais Əliyev deyib ki, 2019-cu ildə Əliyeva özü izahat yazıb ki, əgər işdə yol verdiyi səhvləri bir daha təkrar etsə, özü işdən çıxmaq barədə ərizə yazacaq.

Lakin Əliyeva bildirib ki, o, ərizəni təzyiq və təhdid altında yazıb.

"Mən üç il buraxılış redaktoru işləmişəm, ondan öncə isə şöbə müdiri olmuşam. Yarım il redaktoru əvəz etmişəm. İspaniyada xüsusi müxbir kimi çalışmışam. İndi də deyirlər ki, mən işin öhdəsindən gələ bilmirəm? Mən üç il prezident müxbiri olmuşam, Mehriban xanımla, Heydər Əliyev Fondu, Nazirlər Kabineti ilə çalışmışam. Əgər savadsız müxbirəmsə, o zaman orada nə edirdim?", - bundan öncə Əliyeva bildirib.

Jurnalist Aygün Əliyeva deyir ki, yerli məhkəmələrdə ədaləti bərpa edə bilməsə, Avropa məhkəməsinə müraciət edəcək.

Məhkəmə Nəsimi rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb. Apellyasiya şikayətini təmin etməyib.

Vəkil Bayramov bildirib ki, bu qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

O qeyd edib ki, Əliyevanın barəsində Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 10-cu (Ffkri ifadə etmək azadlığı) maddələri pozulub.

AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov isə Aygün Əliyevanın Facebook-da yazdığı yazılarına görə işdən kənarlaşdırılması ilə bağlı sözlərinin doğru olmadığını söyləyir.

O, yerli meda agentliyinə bildirib ki, Aygün Əliyeva AZƏRTAC-da əvvəl texniki işçi kimi çalışıb, sonra şöbə müdiri və xüsusi müxbir vəzifələrində işləyib:

"İnformasiyaları həmişə gec göndərib, səhv hazırlayıb, peşəkar deyil. Bunun üstündə çoxlu mübahisələr olub, çox iclaslar keçirmişik, hətta bir dəfə cərimə də olunub. İnsan öz təqsirini boynundan atır. Facebook-da yazdığının bura nə dəxli var? Məhkəmə də məsələni obyektiv araşdırdı və qərar qəbul etdi".

Dağbəyi İsmayılov əlavə edib ki, Aygün Əliyevanın Prezident Administrasiyasının tapşırığı ilə işdən çıxarılması ilə bağlı iddiaları əsassızdır." Belə bir şey yoxdur və olmayıb da," o deyib.

Məsələ ilə bağlı Prezident Administrasiyasından, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG