Accessibility links

Məhkəmə jurnalistin cəzasını yumşaltmaqdan imtina edib 


Elçin Məmməd

Oktyabrın 8-də Suraxanı rayon məhkəməsində həbsdə olan hüquq müdafiəçisi və jurnalist Elçin Məmmədin cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəzlənməsinə dair ərizəsinə baxılıb.

Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmədə hüquq müdafiəçisinin müraciəti təmin edilməyib. Bu barədə Elçin Məmmədin rəhbərlik etdiyi Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi Cəmiyyətinin mətbuat xidməti məlumat yayıb.

Elçin Məmməd iki ilə yaxın müddətdir ki, həbsdədir və artıq cəzasının 1/3-ni çəkib.

O, məhkəmədən qalan həbs müddətinin şərti cəza ilə əvəz edilməsini və ya məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsini istəyib.

Vəkil Fariz Namazlı bildirib ki, Elçin Məmməd cəzaçəkmə müəssisəsində tətbiq olunan rejim qaydalarına əməl edib və barəsində hər hansı tənbeh tədbiri tətbiq edilməyib:

"Bundan başqa, onun anasının 68 yaşı var və ağır xəstədir. Hüquq müdafiəçisinin 2 azyaşlı övladı da ata qayğısından kənarda qalıb.

Amma Suraxanı rayon məhkəməsi Penitensiar Müəssisənin mülahizəsinə əsasən cəzanı yumşaltmaqdan imtina edib".

Cəzaçəkmə müəssisəsi mülahizəsində qeyd edib ki, Elçin Məmməd “bu dövr ərzində hər hansı qayda pozuntusuna yol verməsə də, ittiham olunduğu cinayətdə təqsirini etiraf etməyib”.

Amma müdafiə tərəfin fikrincə, məhkəmənində bunu əsas götürməsi qanunvericiliyin tələbinə və Ali Məhkəmənin Plenumunun bu məsələ ilə bağlı hüquqi mövqeyinə ziddir. Vəkil Fariz Namazlı bildirib ki, Elçin Məmməd yerli məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

Məmməd hüquqi ayrı-seçkiliyə məruz qaldığını hesab edir, belə ki, son üç ayda onun cəzasını çəkdiyi 16 saylı cəzaçəkmə müəssisəsindən 80-dən çox məhbus vaxtından əvvəl azad edilib.

Xatırladaq ki, 2020-ci il oktyabrın 17-də Sumqayıt şəhər məhkəməsi Sumqayıt Gənclərin Hüquqi Maarifləndirilməsi QHT-nin rəhbəri və “Yüksəliş naminə” saytının redaktoru Elçin Məmmədi “oğurluq” və “qanunsuz silah və döyüş sursatı saxlamaqda” təqsirli bilərək, 4 il azadlıqdan məhrum edib.

Hüquq müdafiəçisi 2020-ci ilin martında həbs edilib. Ondan hüquqi yardım göstərdiyi qadın şikayət edib. Bir müddət əvvəl həmin qadın criminal.az saytının redaktoru Anar Məmmədovdan da şikayət etmişdi.

Məmməd cinayət işini hüquq müdafiə fəaliyyəti ilə əlaqələndirir. Beynəlxalq təşkilatlar Elçin Məmmədin həbsini pisləyiblər. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG