Accessibility links

Məhkəmə keçmiş korpus komandirini həbsdə saxlayıb


Rövşən Əkbərov

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Müdafiə Nazirliyinin keçmiş korpus komandiri, general-leytenant Rövşən Əkbərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilən şikayəti təmin etməyib.

Hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Əkbərov barəsində Bakı Hərbi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb və o, həbsdə qalıb.

Rəsmi məlumata görə, Rövşən Əkbərova qarşı Cinayət Məcəlləsinin 12.1,(Cinayət qanununun Azərbaycan Respublikası ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsi) 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 12.1, 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Məhkum edilərsə, generalı 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Əkbərova ittiham verilən maddələrin əvvəlindəki 12.1 əlavəsinə gəlincə, bu, Azərbaycan vətəndaşlarının ölkədən kənarda cinayət törətdiyi, lakin orada məsuliyyətə cəlb olunmadığı halda onun cəzalandırılması qaydasını ehtiva edir.

Ona qarşı bu maddələr üzrə ittiham irəli sürülüb və Baş Prokurorluğun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsi onun barəsində istintaq müddətində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Rövşən Əkbərovun ailəsi və vəklindən hələlik şərh almaq mümkün olmayıb.

Rəsmi məlumatda qeyd edilir ki, Rövşən Əkbərov 1 iyun 2001-ci ildə Kiyev şəhərində Elçin Əliyevi qətlə yetirməkdə ittiham olunur.

Məlumata gərə, o, 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyevdə Deqtyaryov küçəsi 7 ünvanında yerləşən "Sikora" kafesində yeyib-içəndən sonra onların arasında mübahisə yaranıb. Bu zaman Əkbərov Əliyevin ürək nahiyəsinə kəsici alətlə zərbə vurub.

Baş Prokurorluq onu da təsdiqləyib ki, hadisədən sonra cinayəti törətməkdə Azərbaycan vətəndaşı şübhəli bilindiyinə görə hələ 2003-cü ildə Ukrayna hüquq-mühafizə orqanları cinayət işinin materiallarını Bakıya göndərib. Amma Azərbaycanda cinayət işi üzrə icraat dayandırılıb.

"Həmin cinayət işi üzrə Hərbi Prokurorluğun və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində bir sıra istintaq hərəkətləri həyata keçirilib. Lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb," Baş Prokurorluğun məlumnatında deyilir.

Baş Prokurorluğun Mətbuat Xidməti bildirir ki, 2020-ci ildə Baş Prokurorluqda bu iş yenidən araşdırılıb və rəhbərlik icraatın dayandırılması haqda qərarı ləğv edib. Baş Prokurorluğun İstintaq İdarəsində aparılan istintaq hərəkətlərindən sonra Əkbərovla bağlı sübutlar toplanıb və o, cinayət məsuliyyətinə cəlb olunub.

Rövşən Əkbərov 1987-1988-ci illərdə Sovet Ordusunun tərkibində Əfqanıstanda xidmət edib. Sonra keçmiş SSRİ Müdafiə Nazirliynin Zaqafqaziya Hərbi Dairəsində alay komandiri olub. 1993-cü ildən Azərbaycan Ordusunda xidmətə başlayıb. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. 2002-ci ildən general-leytenantdır. 2011-ci ilin fevralında Ordu korpuslarından birinin komandiri təyin olunub. 2020-ci ildə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

Rövşən Əkbərov 5 oktyabr 1994-cü ildə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Şərhlərə bax

XS
SM
MD
LG