Accessibility links

Məhkəmə müxalifət liderinə pasport verilməməsi ilə bağlı iddiaya baxmaqdan imtina edib


AXCP sədri Əli Kərimli
AXCP sədri Əli Kərimli

Bakı İnzibati Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ona ümumvətəndaşlıq pasportunun (xarici pasport) verilməməsi ilə bağlı iddiasına baxmaqdan imtina edib.

2006-cı ildə Daxili İşlər Nazirliyi 1994-cü ildəki cinayət işinə əsaslanaraq Əli Kərimliyə öncəki müddət bitdikdən sonra yeni pasport verməkdən imtina edib.

2009-cu ildə Kərimli pasportun verilməməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayət göndərib, 2015-ci ildə Strasburq məhkəməsi onun sərbəst hərəkət etmək hüququnun pozulduğunu tanıyıb və ona 8,6 min avro ödənilməsi barədə qərar çıxarıb.

2016-cı ilin noyabrında Əli Kərimlinin müdafiə tərəfi Azərbaycanın bu qərarı yerinə yetirmədiyini bildirib.

Bu ilin yanvarında AXCP sədri Daxili İşlər Nazirliynin Pasport, Qeydiyyat və Miqrasiya İdarəsini məhkəməyə verib. İddiaya baxılması fevralın 20-nə təyin edilib.

Həmçinin Əli Kərimli Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun üçüncü tərəf kimi cəlb edilməsini istəyib. Ancaq məhkəmə bunu etməyib.

İclas zamanı vəkil Fəxrəddin Mehdiyev Kərimlinin fundamental hüquqlarının pozulduğunu bildirib.

“Bu qanun pozuntusu uzun illərdir davam edir. AİHM öz sözünü deyib və Əli Kərimlinin Azərbaycanın da ratifikasiya etdiyi Avropa İnsan Hüquqları Konvensiyası ilə zəmanət verilmiş hüquqlarının pozulduğunu tanıyıb. Azərbaycan Strasburq məhkəməsinin qərarlarını yerinə yetirməyə borcludur, lakin buna əməl etmir,” vəkil deyib.

Daxili İşlər Nazirliyinin nümayəndəsi Əlirza Əbilov iddiaya baxılmasının əleyhinə olub və deyib ki, Azərbaycan məhkəmələri artıq Əli Kərimlinin iddiasına baxıb və pasportun verilməməsini qanuni hesab edib. Həmin məhkəmə qərarları ləğv edilməyib, buna görə də məsələyə qayıtmağa ehtiyac yoxdur.

Baxın hökumətinizin gününə. Yalnız siyasi rəqibini ofisdən, pasportdan məhrum edərək, müxalifət fəallarını həbsxanalara dolduraraq, sərbəst toplaşma azadlığını boğaraq, seçkiləri saxtalaşdıraraq, dəyənək gücünə hakimiyyətdə qala bilir.
Əli Kərimli, AXCP sədri


O həmçinin qeyd edib ki, AİHM-in qərarının olmasına baxmayaraq, Azərbaycan məhkəmələrinin əvvəlki qərarları ləğv olunmayıb.

“Ali Məhkəmənin Plenumu bu işə yenidən baxmayıb və məhkəmələrin qərarlarını ləğv etməyib,” o bildirib.

Hakim iddianın qəbuledilməz olduğuna qərar verib və baxmaqdan imtina edib.

Əli Kərimli məhkəmənin qərarını və ona pasport verməkdən imtina edilməsini siyasi motivli hesab edir.

O, Facebook səhifəsində xatırladıb ki, xarici səfərlərinə qadağa 2006-cı ildə tənqidi çıxışlarından sonra qoyulub.

“İndi internet və sosial şəbəkələr o qədər inkişaf edib ki, mən gedib xarici paytaxtlarda çıxışlar etməsəm də, bütün dünya ölkəmizdəki vəziyyəti bilir. Azərbaycanla bağlı bütün hesabatlar neqativdir. Üstəlik, şəxsən mənə pasport verilməməsi indiyə qədər 10-larla hesabatlarda sərt tənqid olunub. Sonuncu dəfə ATƏT müşahidə missiyasının 9 fevral seçkilərilə bağlı dəyərləndirməsində də hökumətin mənə pasport verməməsi ölkədə fundamental hüquqların pozulması kimi qiymətləndirilib. Baxın hökumətinizin gününə. Yalnız siyasi rəqibini ofisdən, pasportdan məhrum edərək, müxalifət fəallarını həbsxanalara dolduraraq, sərbəst toplaşma azadlığını boğaraq, seçkiləri saxtalaşdıraraq, dəyənək gücünə hakimiyyətdə qala bilir. Və biriləri də belə bacarıqsız hakimiyyətə təriflər deməkdən utanmır,” o facebook səhifəsində yazıb.

XS
SM
MD
LG