Accessibility links

Məhkəmə Məmməd İbrahimə 5 ay 22 gün həbs verib


Məmməd İbrahim
Məmməd İbrahim

Bakının Suraxanı Rayon Məhkəməsi müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimə 5 ay 22 gün həbs verib. Hökmü yanvarın 10-da Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimov çıxarıb.

Məhkəmə onu cəzaçəkmə müəssisəsində yatağında bıçaq tiyəsi gizlətməkdə təqsirli bilərək Cinayət Məcəlləsinin 317-1.2 maddəsi (həbsdə saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, saxlaması) ilə günahlı sayıb.

Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da həbs edilib və xuliqanlıq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Həbs müddətinin bitməsinə bir gün qalmış İbrahimə qarşı yeni ittiham irəli sürülüb. O bu dəfə həbsxanada yatağında qadağan olunmuş əşya,- bıçaq tiyəsi saxlamaqda günahlandırılıb.

AXCP sədrinin müşaviri həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Rəsmi Bakı ölkədə insanların siyasi fəaliyyətinə görə təqib edilmədiyini, qanun qarşısında bərabər olduğunu bildirir.

Eyni zamanda hazırda AXCP sədri Əli Kərimlinin müavinləri Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, Seymur Həzi, müşavirləri Məmməd İbrahim, Asif Yusifli, o cümlədən bu partiyanın ondan çox fəalı həbsdədir.

XS
SM
MD
LG