Accessibility links

Məhkəmə "Navalnının qərargahını" ekstremist təşkilat kimi tanıdı


İyunun 9-da axşam saatlarında Moskva şəhər məhkəməsi Aleksey Navalnı tərəfindən təsis olunan Korrupsiyaya qarşı mübarizə fondunu, habelə "Navalnı qərargahı" ictimai hərəkatını ekstremist təşkilatlar kimi tanıyaraq Rusiyada fəaliyyətlərini qadağan edib. Məhkəmə sessiyası 12 saatdan çox davam edib.

Qərar prokurorluğun "bu təşkilatların liberal şüarlar adı altında sosial və ictimai-siyasi sabitliyi pozmaq üçün şəraitin formalaşdıması ilə məşğul olduğu" iddiası ilə əlaqədar qəbul edilib. Eyni zamanda press-relizdə, "onların fəaliyyətlərinin həqiqi məqsədlərinin konstitusiya sisteminin təməllərini dəyişdirmək üçün şərait yaratmaq, həmçinin "rəngli inqilab" ssenarisindən istifadə etmək olduğu" bildirilir.

Məhkəmənin sonunda FBK-nin bütün vəkilləri məhkəmənin qərarını qərəzli adlandıraraq zalı tərk edib. Onlar Moskva şəhər məhkəməsinin qərarına etiraz edəcəklərini də bildiriblər.

Müstəntiqlərin fikrincə prosesdə gizli materiallar olduğundan məhkəmə qapalı keçirilib. Günortadan sonra prokurorluq "Navalnının qərargahı" adlı ictimai hərəkatın işini məhdudlaşdırıb.

Məhkəmənin qərarına əsasən, FZPG, FBK, və "Navalnının" qərargahı"nın internetdə materiallar yerləşdirilməsi, mitinqlər təşkil etməsi və referendumlarda iştirak etməsi və cərimələrin, vergilərin və kompensasiyanın ödənməsi istisna olmaqla bank hesablarından istifadə etməsi, pul köçürməsi qadağandır.

Bu qadağalar pozulduqda, fond işçiləri və qərargah cərimələnə bilər.

Məhkəmə qərarınından sonra Navalnının sosial şəbəkələrdəki hesablarında "Korrupsiya dövlət hakimiyyətinin əsasını təşkil etdiyi zaman, korrupsiyaya qarşı döyüşənlər ekstremist olurlar" yazılan status paylaşılıb.

Keçən həftə Rusiya Prezidenti Vladimir Putin millət vəkilləri tərəfindən tez bir zamanda təsdiqləndikdən sonra ekstremist qrup elan edilmiş təşkilat üzvlərinin dövlət vəzifəsi tutmasını qadağan edən yeni bir qanun layihəsini imzalayıb.

Əgər məhkəmə Navalnının təşkilatlarını qadağan edərsə bu, Putin hakimiyyətinə meydan oxumaq üçün qurulan böyük siyasi şəbəkəyə son verə bilər.

Putinin ən sərt tənqidçisi olan Navalnı 2014-cü ildə siyasi motivli mənimsəmə ittihamlarından irəli gələn şərti pozuntulara görə 2 illik həbs cəzasını çəkməkdədir.

Navalnı sinir maddəsi ilə zəhərlənməsi ilə Almaniyadakı 5 aylıq müalicədən sonra Rusiyaya geri döndüyü zaman həbs olunub.

XS
SM
MD
LG