Accessibility links

Məhkəmə Orduya dəstək yürüşünə görə təqsirləndirilən şəxslərin cinayət işini üç qrupa bölüb


Azərbaycan Ordusuna dəstək məqsədi ilə 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə həbs edilən şəxslərin cinayət işi üzrə məhkəmə istintaqı üç ayrı qrup üzrə araşdırılacaq.

Bu barədə Səbail rayon Məhkəməsinin sədri Ağamalı Qafarov fevralın 24-də qərarı elan edib.

Bugünkü məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslər və onların vəkilləri bir neçə vəsatət qaldırıblar.

Vəsatətlər işin hərtərəfli araşdırılması üçün bir neçə qrupa bölünməsi, cinayət işinə xitam verilməsi, ev dustaqlığında olan təqsirləndirilən şəxslərin ayaqlarına vurulmuş nəzarət qolbaqlarının ağırlığı və kobudluğuna görə dəyişdirilməsi, yaxud da ev dustaqlığının polis nəzarətinə vermə qətimkan tədbiri ilə əvəzlənməsi və s. ilə bağlı olub.

Lakin məhkəmə bu vəsatətlərdən yalnız birini təmin edib.

Təmin edilən vəsatət təqsirləndirilən şəxslərin sayının çoxluğunu nəzərə alıb, işin hərtərəfli araşdırılması üçün bir neçə qrupa bölünməsi barədə olub.

Məhkəmə üç qrupun işi üzrə məhkəmə baxışını martın 4, 5 və 9-na təyin edib.

Bu cinayət işi üzrə 37 nəfər təqsirləndirilən, 22 nəfər zərərçəkən şəxs var.

Təqsirləndirlən şəxslərdən 16 nəfəri AXCP-nin, 2 nəfəri Müsəlman Birliyi Hərəkatının, 1 nəfəri Azərbaycan Demokratiya və Rifah Hərəkatının fəalıdır. Təqsirləndirilənlər arasında Naxçıvanın keçmiş daxili işlər naziri Siyavuş Mustafayev də var. Qalanları isə bitərəflərdir.

Fevralın 23-də keçirilən prosesdə AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli cinayət işini "siyasi şou" adlandırıb.

“Cinayət işi bizim siyasi fəaliyyətlimizlə bağlıdır. Məhkəmə prosesi də təzyiqin tərkib hiisəsidir. Bu, sadəcə siyasi şoudur,” o qeyd edib.

AXCP funksioneri Məmməd İbrahim polisin nəzarətinə verildikdən sonra üzərlərinə qoyulmuş elektron qolbaqların çox ağır və narahatedici olduğunu bildirib.

“Elektron qolbağların daha yüngülü ilə əvəz edilməsi barədə vəsatət verdik. Bir də məhkəmənin nəzərinə çatdırdıq ki, cinayət işi siyasi sifarişdir və hər hansı sübut yoxdur,” o qeyd edib.

2020-ci il iyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.

Yaranmış insidentlə bağlı cinayət işi qaldırılıb, çoxsaylı insan həbs edilib.

Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir. Onların çoxu inzibati qaydada cəzalandırılıb.

AXCP-nin məlumatına görə, Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 45 nəfər fəalı həbs edilib.

“Onlardan 16 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər inzibati qaydada həbs edilib, 14 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb,” məlumatda qeyd edilir.

AXCP və digər bir sıra siyasi qurumlar həbsləri "siyasi sifariş" hesab edir.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə günahlandırılır.

Ötən ilin noyabr-dekabr aylarında həbsdə saxlanılanların hamısı polisin nəzarətinə verilməklə sərbəst buraxılıb.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG