Accessibility links

Məhkəmə Tofiq Yaqublunu həbsdə saxlayıb


Tofiq Yaqublu
Tofiq Yaqublu

İyunun 24-də Bakı Apellyasiya Məhkəməsi hakim Həsən Əhmədovun sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsdə saxlanma müddətinin uzadılmasına dair qərardan şikayətə baxıb. Məhkəmə Tofiq Yaqublunun istintaq dövründə həbs müddətinin avqustun 22-nə qədər uzadılması haqda Nizami Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Yaqublunun qızı Nigar Həzi deyib ki, dövlət ittihamçısı Tofiq Yaqublunun həbsdə saxlanmasını belə əsasladırıb: "O, residiviatdir. Dəfələrlə cinayət törədərək həbsdə olub."

Nigar Həzi bildirib ki, Tofiq Yaqublu məhkəmədə iştirak edib.

please wait

No media source currently available

0:00 0:00:53 0:00


"Əsl cinayətkar sizsiniz. Əliniz neçə günahsız insanın həbsində var və buna görə də mütləq cinayət məsuliyyətinə cəlb olunacaqsınız,” o, dövlət ittihamçısına belə cavab verib.

Tofiq Yaqublunun qızı Nigar Həzi, atasının vəkili Aqil Layıc məhkəmə zalında hüquq-mühafizə orqanlarının mülki geyimli əməkdaşlarının iştirakına etiraz etdiyini deyib.

Müdafiəçi deyib ki, bu şəxslər prosesdə tərəf olmadığına görə qapalı məhkəmə iclasında iştirak edə bilməzlər. Vəkilin etirazından sonra kənar şəxslər məhkəmə zalından çıxarılıb.

Öz növbəsində Aqil Layıc deyib ki, istintaq dövründə Yaqublunun həbsdə saxlanılması qərarından artıq Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib.

Rəsmi məlumat

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, martın 22-də paytaxtın Nizami rayonu ərazisində Tofiq Yaqublunun idarə etdiyi avtomobil Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşub. Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb.

“Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib,” o qeyd edib.

Tofiq Yaqublu ittihamları rədd edir

Yaqublu ittihamı rədd edir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir.

Yaqublu məhkəmədə deyib ki, həbsi Facebook-da yazdığı statuslar və Amerikanın Səsinə verdiyi müsahibə ilə bağlıdır.

Onun həbsi prezident İlham Əliyevin müxalifətin ünvanına söylədiyi tənqiddən bir neçə gün sonraya təsadüf edir.

Yaqublu bundan öncə də 2013-cü ildə İsmayıllıda iğtişaş yaratmaqda günahlandırılaraq 3 il həbsdə saxlanıb (5 il həbs cəzası almışdı, əfv sərəncamı ilə azadlığa çıxıb). O, 2019-cu il oktyabrın 19-da Milli Şuranın razılaşdırılmamış etiraz aksiyasında iştirak etdiyinə görə də 30 sutkalıq inzibati həbs olunmuşdu. Bu həbs zamanı Tofiq Yaqublu işgəncələrə məruz qaldığını bildirb.

Daxili İşlər Nazirliyi işgəncələr barədə deyilənlərin böhtan olduğunu bəyan edib.

XS
SM
MD
LG