Aprelin 21-də Bakının Nizami rayon Məhkəməsi hakim Həqiqət Əhmədovanın sədrliyi ilə Müsavat Partiyasının funksioneri və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu barədə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatəti təmin etməyib.
Bu barədə Amerikanın Səsinə vəkil Elçin Sadıqov bildirib.
Müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.
Aprelin 20-də Bakı Apellyasiya Məhkəməsi Yaqublunun həbsindən verilmiş şikayəti təmin etməyib.
Tofiq Yaqublu martın 22-də xuliqanlıq və bədənə xəsarət yetirmək ittihamı ilə həbs edilib. O bildirib ki, park edilmiş avtomobilini başqa bir avtomobil vurub və həmin avtomobildə olanlar ona hücum edib, sonda müxalifət fəalı günahlandırılıb.
Yaqublu məhkəmədə deyib ki, həbsi Facebook-da yazdığı statuslar və Amerikanın Səsinə verdiyi müsahibə ilə bağlıdır
Onun həbsi prezident İlham Əliyevin müxalifətin ünvanına söylədiyi tənqiddən bir neçə gün sonraya təsadüf edir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov isə bildirib ki, martın 22-də paytaxtın Nizami rayonu ərazisində Tofiq Yaqublunun idarə etdiyi avtomobil Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşub. Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb.
“Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib,” o qeyd edib.
Tofiq Yaqublunun qızı Nigar Həzi Facebook səhifəsində Yaqublunun avtomobilinin başqa avtomobil tərəfindən vurulmuş vəziyyətdə fotosunu yayıb. Fotoda Tofiq Yaqublunun avtomobili yolun kənarında parklanmış vəziyyətdədir.
Çoxsaylı beynəlxalq təşkilatlar Tofiq Yaqublunun həbsini pisləyərək hakimiyyəti onu dərhal azad etməyə çağırıb.
ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, Birləşmiş Ştatlar hökuməti Azərbaycanda müxalifət lideri Tofiq Yaqublunun həbsindən və ona qarşı ittihamlardan narahatdır.
“Biz həbslə bağlı baş verənləri yaxından izləyirik və öz naharatlığımızı Azərbaycan hökumətinə çatdırmışıq. Biz Azərbaycan rəsmilərini cənab Yaqublunu və öz fundamental azadlıqlarını ifadə etdiklərinə görə həbs edilmiş bütün şəxsləri azad etməyə çağırırıq,” sözçü qeyd edib.