Accessibility links

Məhkəmə Vəfa Nağı ilə bağlı şikayətə xitam verib


Vəfa Nağı və Əlibala Səlimov (kollaj)
Vəfa Nağı və Əlibala Səlimov (kollaj)

Neftçala rayon Məhkəməsi hakim Əli Tağıyevin sədrliyi ilə Vəfa Nağıya qarşı xüsusi ittiham qaydasında verilmiş şikayətə xitam verib. Bu barədə bu gün məhkəmədən Vəfa Nağıya bildiriblər.

Neftçala rayon Xol Qaraqaşlı kənd (Bakıdan 174 kilometr cənub) bələdiyyəsinin sədri Əlibala Səlimov, kənd mədəniyyət evinin bədii rəhbəri İlham Hüseynov və kənd mədəniyyət evinin işçisi Anar Abbasov bələdiyyənin üzvü Vəfa Nağını məhkəməyə verib. İddiaçılar Vəfa Nağının Cinayət Məcəlləsinin 147.1, 147.2 (Böhtan, ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaq) və 148-ci (Təhqir) maddələri ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb olunmasını istəyirdilər. Bu il avqustun 21-də məhkəmənin hazırlıq iclası keçirilib.

Xol Qaraqaşlı bələdiyyəsinin sədri Əlibala Səlimovla bələdiyyə üzvü Vəfa Nağı arasında münasibətlər ikincinin bələdiyyə büdcəsinin icrası ilə bağlı hesabat tələb etməsindən sonra gərginləşib. Bundan sonra Xol Qaraqaşlı kəndində divarlara Vəfa Nağının çimərlik geyimində olan fotoları yapışdırılıb, onun nüfuzdan salınması üçün təbliğat aparılıb.

Vəfa Nağı bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət verib və fotolarının bələdiyyə sədri tərəfindən yapışdırıldığını iddia edib.

Vəfa Nağı və bir qrup kənd sakini bələdiyyə sədrini qanunsuzluqlar etməkdə günahlandırır.

Bu il iyunun 19-da Vəfa Nağı kənd bələdiyyəsinin sədrinin rüşvət alması hallarının araşdırılması tələbi ilə Daxili İşlər Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd edib.

O bildirib ki, bələdiyyə sədri otlaq sahələrini qanunsuz olaraq icarəyə verir, kənd sakinlərinə ev tikmək üçün nəzərdə tutulan torpaq sahələrini rüşvət müqabilində verir.

Səlimov isə Amerikanın Səsinə bildirib ki, Bələdiyyənin Ehtiyat Fondundan oğluna 9 hektar torpaq icarəyə verib. Səlimov həmçinin rüşvətlə bağlı iddiarı əsassız sayır.

Vəfa Nağı Xol Qaraqaşlı bələıdiyyəsinin üzvlüyündən kənarlaşdırıldığını da bildirib. Belə ki, bu ilin iyulunda o, İstanbulda olarkən bələdiyyənin bir-birinin ardınca 4 iclası çağırılıb və Vəfa Nağı iştirak etmədiyindən bələdyyə üzvlüyündən kənarlaşdırılıb.

Vəfa Nağı bunu qanunsuz sayır, məhkəməyə müraciət etmək fikrindədir.

“Seçkili orqanın seçilmiş üzvünü yalnız məhkəmə qərarından sonra kənarlaşdırmaq olar. Mənim haqqımda isə məhkəmənin qərarı yoxdur. İndi Xol Qarqaşlı bələdiyyəsinin bələdiyyə üzvlüyündən kənarlaşdırlmağımla bağlı qərarını mənə təqdim etmirlər ki, məhkəməyə şikayət edim. Bu il koronavirus pandemiyası ilə bağlı karantin elan edildiyi vaxtda bələdiyyənin cəmi 9 iclası olub. Bu iclasların beşi mən İstanbulda olarkən 20 gün ərzində çağırılıb. Burada qərəz var,” o, Amerikanın Səsinə deyib.

Neftçala rayonunun Xol Qaraqaçlı bələdiyyəsi 1999-cu ildə yaradılıb.

Bələdiyyəyə Xol Qaraqaşlı, Mürsəqulu kəndləri daxildir. Bələdiyyə ərazisində 3441 nəfər yaşayır.

XS
SM
MD
LG