Accessibility links

Məhkəmə Xədicə İsmayıla 45 143 manat 63 qəpik vergi öhdəliyi qoyub


Məhkəmə Xədicə İsmayıla 45 143 manat 63 qəpik vergi öhdəliyi qoyub
please wait

No media source currently available

0:00 0:04:21 0:00

Məhkəmə Xədicə İsmayıla 45 143 manat 63 qəpik vergi öhdəliyi qoyub

“Vergilər Nazirliyinin iddia tələbi təmin edilsin, 45 143 manat 63 qəpik məbləğ Xədicə İsmayıldan tutulsun”.

Bu qərarla dekabrın 21-də 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin hakimi Məhəmməd Əkbərov araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı Vergilər Nazirliyinin iddasını təmin edib.

Hakim müşavirə otağına getmədən qərarını şifahi şəkildə elan edib.

Bununla da Vergilər Nazirliyinin jurnalistə qarşı 63 min 138 manatlıq vergi borcunun tutulmasına dair iddiası üzrə məhkəmə prosesi başa çatıb.

Xədicə İsmayıl iddianın əsassız və qanunsuz olduğunu bildirib və məhkəmədən iddianı rədd etməsini xahiş edib.

“Hökumət azad mediaya qarşı fəaliyyəti ilə həm mənim fəaliyyətimi məhdudlaşdırır, həm də özünün beynəlxalq imicinə zərbə vurur.

“Hökumət azad mediaya qarşı fəaliyyəti ilə həm mənim fəaliyyətimi məhdudlaşdırır, həm də özünün beynəlxalq imicinə zərbə vurur. Biz hələ 2010-cu ildə Beynəlxalq Bankda baş verənlərlə bağlı araşdırma dərc etmişdik. O zaman deyirdilər biz böhtan atırıq. Amma müəyyən proseslərdən sonra bu düz oldu. İndi bankın xarici borclarını dövlət ödəyir. Bizim araşdırmalarımız yalnız Beynəlxalq Bankla kifayətlənmir, daha yüksək vəzifəli şəxslərə gedib çıxır”, o qeyd edib.

İsmayıl ona qarşı 2014-cü ildə irəli sürülən ittihamları da əsassız adlandırıb.

Jurnalist qanuni fəaliyyət göstərməsi üçün Xarici İşlər Nazirliyinin onu akreditə etmədiyini bildirib.“Məni 2014-cü il dekabrın 5-də həbs etdilər və o zaman da mənə qarşı irəli sürülən ittihamlar əsassız idi. Hökumətin məqsədi Azadlıq radiosunun Bakı bürosunu bağlamaq və mənim jurnalist fəaliyyətimi məhdudlaşdırmaq idi. İndi də Bakı İnzibati İqtisad Məhkəməsində Vergilər Nazirliyinin iddiası üzrə məhkəmə 1 il 1 ay idi davam edirdi. Bu gün məsələnin məhkəmə baxışının aktuallaşdırılmasının məqsədi mənim beynəlxalq media qurumları ilə əməkdaşlığımı məhdudlaşdırmağa yönəlib. Beynəlxalq qurumlar tərəfindən mənə verilmiş mükafatlar bank hesabıma daxil olan zaman banklarda hesablarıma həbs qoyuldu. Hökumət istəyir ki, bütün qanuni gəlir mənbələrimi məhdudlaşdırsın və beləliklə məni qanunsuz fəaliyyətə məcbur etsin. Sonra da qanunsuz sahibkarlıq iddiası irəli sürsünlər. Amma, buna getməycəm. Hüquqlarımın müdafiəsi üçün mübarizəmi davam etdirəcəm. Nəhayət Avropa Məhkəməsinə şikayət verəcəm”, jurnalist bildirib.

Jurnalist bir daha sədrlik edən hakimin diqqətinə çatdırıb ki, Azadlıq radiosunun Bakı Bürosunun rəhbəri olarkən maliyyə məsələləri ilə bağlı cavabdeh olmayıb, radio ilə bağlı vergi öhdəliyi olmayıb.“Bu səbəbdən xarici media orqanlarında dərc olunan məqalələrimə görə qonorar yazılmamasını xahiş edirəm. Mənə verilmiş mükafatların isə xeyriyyə fondlarına köçürülməsini xahiş etmişəm. Ölkədə qanuni işləyib, vergi ödəmək üçün hər hansı şərait yaradılmır”, o bildirib.

“Fərz etsək ki, vergidən yayınma olub, belə olan halda da hər hansı mənfəət götürməmişəm. Bunu sübut edən hər hansı sənəd yoxdur və ola da bilməz. Azadlıq radiosu qeyri-kommersiya təşkilatıdır və bu dövlətlərarası sənədlərdə təsdiqini tapıb. Radionun fəaliyyət göstərdiyi bütün ölkələrdə də bu, belədir”, o qeyd edib.

Xədicə İsmayılova
Xədicə İsmayılova

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalistə vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israfetmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.

Jurnalist bütün ittihamları rədd edib, məhz korrupsiya araşdırmalarına görə həbs olunduğunu bəyan edib.

2016-cı il mayın 25-də Xədicə İsmayıl Ali Məhkəmənin qərarı ilə həbsdən buraxılıb. Məhkəmə onun cəzasını 3 il 6 ay şərti cəza ilə əvəz edib. İki maddə - 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) üzrə ittiham onun üzərindən götürülüb.

2017-ci ilin noyabrında Vergilər Nazirliyi araşdırmaçı-jurnalistə qarşı 63 min 138 manatlıq vergi borcunun tutulmasına dair mülki iddia qaldırıb.

Xədicə İsmayıl 2008-ci ilin iyulundan 2010-cu ilin oktyabrına qədər "Azadlıq" radiosunun Bakı bürosunun rəhbəri olduğu dövrdə 45 min 145 manatlıq mənfəət vergisini büdcədən yayındırmaqda günahlandırılıb.

Ona həm də işçilərlə əmək müqaviləsi yox, xidməti müqavilə bağlamaqla onlara 14%-lik gəlir vergisi deyil, 4%-lik sadələşdirilmiş vergi ödəmək şəraiti yaratmaqla 10%-lik fərqi - ümumilikdə 17 min 992 manatı israf etməyə görə ittiham irəli sürülüb.

Ancaq Ali Məhkəmə jurnalistə qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israfetmə) maddəsi ilə bəraət verib. Bu baxımdan 17 min 792 manatlıq məsələ qüvvəsini itirib. Məhz buna görə, noyabrın 7-də məhkəmə Vergilər Nazirliyinin iddiasını 45145 manatadək azaldılması barədə qərardad çıxarıb.

Azadlıq radiosunun vergi öhdəliyi olsa belə həmin məbləğin məndən də tutulması absurddur. Azadlıq radiosunun da hesabına həbs qoyulub və həmin hesabda tələb edildiyindən də çox pul var

"Vergilər Nazirliyi məndən tələb etdiyi pulu "Azadlıq" radiosunun Azərbaycan nümayəndəliyindən də tələb edir. Mənfəət vergisinin yayındırılmasına gəlincə, "Azadlıq" radiosu qeyri-kommersiya təşkilatıdır, mənfəət əldə etmir. Belə olan halda, necə mənfəət vergisinin obyekti ola bilər? Azadlıq radiosunun vergi öhdəliyi olsa belə həmin məbləğin məndən də tutulması absurddur. Azadlıq radiosunun da hesabına həbs qoyulub və həmin hesabda tələb edildiyindən də çox pul var. Radio bu məsələni məhkəmədə mübahisələndirir”, jurnalist deyib.

Xədicə İsmayılın bank hesabları 2017-ci ilin noyabrında bir neçə beynəlxalq təşkilatlardan mükafat aldıqdan sonra dondurulub. Bu günlərdə isə Avropa İnsan Hüquqları Məhkəməsi jurnalistin şikayəti üzrə qəbul etdiyi təzminat bank hesabına köçürüləndən sonra onun Beynəlxalq Bankdakı hesabına həbs qoyulub.

Xədicə İsmayıl Amerikanın Səsinə müsahibəsində bildirib ki, məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

XS
SM
MD
LG