Accessibility links

Məhkəmədə "Elina işi" araşdırılır


Sentyabrın 18-də Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə intihar etdiyi bildirilən şagird Elina Hacıyevanın ölümü ilə bağlı məhkəmə istintaqı açıq elan edilib.

Bugünkü məhkəmə iclasında dövlət ittihamçısı əvvəlcə ittiham aktını elan edib.

İttihamda qeyd olunub ki, 8-ci sinif şagirdi Elina Hacıyeva dərslərə gecikib, geyimi məktəbli formasına uyğun olmayıb. Habelə, ittihamda vurğulanıb ki, bundan öncə bir dəfə məktəbdə ülgüclə boğazını kəsərək intihara cəhd edib.

İttiham aktında o da qeyd edilib ki, şagirdlər daim Elina Hacıyevanı sıxışdırıb, lakin direktor Sevinc Abbasova bununla bağlı ciddi addım atmayıb.

İttihamda bildirildiyinə görə, o, sadəcə Elina Hacıyevanın anasına şifahi məlumat verməklə kifayətlənib.

İttiham aktında həmçinin, qeyd edilib ki, Elina.Hacıyeva bu il aprelin 4-də özünü məktəbin 3-cü mərtəbəsindən atandan sonra Sevinc Abbasova təcili tibbi yardımı vaxtında çağırmayaraq, məktəblinin həyatını təhlükədə qoyub.

İttihama münasibət bildirən keçmiş direktor Sevinc Abbasova özünü təqsirli bilmədiyini deyib.

Məhkəmədə Elina Hacıyevanın anası Sevil Hüseynova və Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova ifadə verib.

Məhkəmə prosesi davam etdirilir.

Elina Hacıyevanın valideynləri dəymiş mənəvi zərərə görə həm Təhsil Nazirliyi, həm də Sevinc Abbasovaya qarşı 100 min manatlıq mülki iddia da qaldırıb. Bu vəsatət məhkəmənin icraatına qəbul edilib.

Məktəbin keçmiş direktoru Sevinc Abbasovaya qarşı Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ölümlə nəticələndikdə) maddələri ilə ittiham irəli sürülüb. Lakin Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə heç kim məsuliyyətə cəlb edilməyib.

Müdafiə tərəfi hesab edir ki, Sevinc Abbasova istintaq müddətində həbsdə olmalıdır, çünki azadlıqda şahidlərə təsir göstərə bilər.

Bundan əlavə, vəkillər Elina Hacıyevanı xəstəxanaya daxil olduğu anda xilas etməyin mümkün olub-olmamasını müəyyən etmək üçün təcrübəli mütəxəssisin cəlb edilməsilə təkrar ekspertizanın keçirilməsi barədə vəsatət qaldırıb.

İlkin ekspertiza rəyinə görə, məktəbli qız xəstəxanaya daxil olduğu anda onu xilas etmək mümkün olmayıb. Lakin Elinanın anası hesab edir ki, ona lazımi tibbi yardım göstərilməyib və xəstəxanada nəzarətsiz qalıb.

XS
SM
MD
LG