Accessibility links

Məktəblər açılsın, açılmasın…


Artıq yeni tədris ilinə (sentyabrın 15-də başlanacaq) sayılı günlər qalsa da, orta və ali məktəblərdə dərslərin hansı formada başlanacağı barədə heç bir qərar yoxdur.

Ötən ilin martında koronavirus pandemiyasına görə distant tədris formasına keçən təhsil müəssisələri axırda hibrid (həm əyani, həm onlayn) tədris formasından faydalanmalı olmuşdu.

Son bir neçə həftədir Azərbaycanda koronavirus xəstələrinin sayı artıb və gündəlik yoluxma 4 min üzərində qalmaqdadır. Virusa yoluxanlar arasında da ölüm hallarının yüksəldiyi vurğulanır. Belə olan halda məktəblər ənənəvi tədris formasına qayıtmalıdırmı?

"Əgər biz övladlarımızın sinif otaqlarında…"

Təhsil Nazirliyindən "Turan"a bildirilib ki, onlar yeni tədris ilində məktəblərin ənənəvi şəkildə fəaliyyətə başlanması ilə bağlı düşünürlər: "Karantin qaydaları var, bununla bağlı müvafiq qurumların qaydaları və qərarları olacaq. Əgər biz tədrisi davamlı şəkildə görmək istəyiriksə, övladlarımızın sinif otaqlarında rahat şəkildə bu prosesə qoşulmasını istəyiriksə, ən sınanmış yol valideynlərin və müəllimlərin vaksinasiyasından keçir".

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə epidemioloji vəziyyəti nəzərə alaraq məktəblərdə ənənəvi qaydada tədrisin bərpa olunmasının bir elə tərəfdarı deyil.

"Azərbaycanda uşaqların vaksinasiyası aparılmır"

O bildirib ki, hər şey Operativ Qərargahın qərarından asılıdır: "Amma Azərbaycanda "delta" ştammının sürətli yayılması davam edir və yoluxma pik həddədir. Həmin ştamm uşaqlar arasında daha çox yayılır. Azərbaycanda uşaqların vaksinasiyası aparılmır".

Musa Quliyev
Musa Quliyev

Deputat qeyd edib ki, təhsil müəssisələrində insanlar arasında sosial məsafəni gözləmək, maska rejimindən istifadə olduqca çətindir: "Bunları nəzərə alaraq düşünürəm ki, dərslərin yanvar ayına qədər onlayn keçirilməsinə üstünlük verməliyik".

Təhsil məsələlər üzrə ekspert Kamran Əsədov isə AzadlıqRadiosuna bildirib ki, qüvvədə olan qanunvericiliyinin tələblərinə görə, Azərbaycanda tədris prosesi ənənəvi qaydada başlamalıdır: "Çünki biz axırıncı tədris ilini Nazirlər Kabinetinin fevraldakı qərarına əsasən ənənəvi formada başa çatdırdıq. Həmin qərar oktyabrın 1-ə qədər qüvvədədir. Yəni, sentyabrın 15-də dərslər ənənəvi formada, amma hibrid qaydada başlayacaq".

"Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda tədrisi açmağa çağırıb"

Amma ekspert də qeyd edib ki, yoluxmanın sayı artıb, koronavirusun "delta" ştammına uşaqlar da yoluxur: "Amma reallıq da var. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF Azərbaycanda və bəzi Asiya ölkələrində tədrisi açmağa çağırıb".

Onun sözlərinə görə, bunun səbəbi odur ki, həmin ölkələrdə iki məsələnin öz həllini tapmadığı göstərilir: "Onlardan biri təhsilin əlçatanlığıdır. ÜST və UNICEF-in reytinqində Azərbaycanda internetin əlçatanlığı və sürəti aşağı səviyyədə göstərilib. Onlar hesab edir ki, Azərbaycan onlayn tədrisi təşkil edə bilmir".

Ekspertin deməsinə görə, təşkilatların ikinci arqumenti ondan ibarətdir ki, Azərbaycan hökuməti çevik qərarlara əl atıb və vaksinləşmənin dünyada ən yüksək faizi bu ölkədədir: "Artıq 6 milyondan artıq doza vaksin vurulub və bu rəqəmlər bizə tədris prosesini ənənəvi təşkil etməyə imkan verir".

Kamran Əsədov
Kamran Əsədov

Kamran Əsədov hesab edir ki, orta və ali məktəblər açılmalıdır: "Bəzi valideynlər narahatdır ki, yoluxma ola bilər. Bəli, şagirdlərin arasında yoluxanlar olub, amma onlar məktəblərdə yoluxmayıb, bu proses məktəbə qədər baş verib. Bu gün məktəblər bağlıdır, amma ölkədə gündəlik yoluxma 4 min üzərindədir. İri ticarət mərkəzlərində, kafelərdə, nəqliyyatda insanlar yoluxmur, amma mütəmadi dezinfeksiya işləri aparıldığı məktəblərdə təhlükə gözlənilir? Bu yanaşma yanlışdır. Bizim orta məktəblərdə işləyən müəllimlərin də 80 faizi vaksin olunub".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də ÜST koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə sentyabrın 2-nə kimi ümumilikdə 428 min 736 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 min 677-sinin vəfat etdiyi bildirilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG