Accessibility links

Məmməd İbrahim ev dustaqlığına buraxılmayıb


Məmməd İbrahim

Cümə günü, sentyabrın 18-də Bakının Nəsimi Rayon Məhkəməsi hakim Solmaz Mustafayevanın sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Patiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barədə həbs qətimkan tədbrinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatəti təmin etməyib.

Vəkil Əsabəli Mustafayev Amerikanın Səsinə deyib ki, məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

Məhkəmədə Məmməd İbrahim də iştirak edib. O, həbsinin siyasi sifariş olduğunu, qanunsuz olaraq artıq iki aydır həbsdə saxlanıldığını bildirib.

"Həbsdə olduğum müddətdə hər hansı istintaq hərəkəti aparılmayıb. Aksiya keçirilən zaman evimdə olmuşam və aksiya ilə əlaqəm olmayıb," İbrahim qeyd edib.

İyulun 14-də Azərbaycan Ordusuna dəstək məqsədi ilə keçirilən aksiya zamanı baş verən insidentlə bağlı qaldırılan cinayət işi ilə əlaqədar saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimə qarşı ittiham maddələrindən biri götürülüb, lakin digəri əlavə edilib.

Vəkili Əsabəli Mustafayev bildirib ki, Məmməd İbrahimin üzərindən Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər) maddəsi üzrə ittiham götürülüb.

Eyni zamanda İbrahimə Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsi (vəzifəsini yerinə yetirən şəxsə xəsarət yetirmək) üzrə ittiham elan olunub.

Bu maddə bu iş üzrə keçənlərin hamısına əlavə edilib.

Rəsmi qurumlar hələ bu məlumata münasibət bildirməyib.

Məmməd İbrahim və bu iş üzrə cəlb edilmiş daha 17 nəfər AXCP fəalı da Cinayət Məcəlləsinin 186.2.1 (başqasının əmlakının məhv edilməsi və zədələnməsi), 315 (polisə müqavimət), 233-cü (ictimai qaydanın pozulması) maddələri ilə ittiham olunurlar.

AXCP-nin məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə AXCP-nin 45 nəfər fəalı həbs edilib.

“Onlardan 17 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər inzibati qaydada həbs edilib, 13 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. AXCP-nin 10 üzvü isə öncədən siyasi məhbusdur. Beləliklə hazırda AXCP-nin 42 fəalı siyasi sifarişlə həbsdədir,” məlumatda qeyd edilir.

XS
SM
MD
LG