Accessibility links

'Məni həbs etmək planı vardı, prezidentin razılığını ala bilmədilər'


Aslan İsmayılov
Aslan İsmayılov

Hüquqşünas Aslan İsmayılova iki il islah işləri və 1500 manat da cərimə cəzası istənilib. Noyabrın 12-də Binəqədi Rayon Məhkəməsində prokuror bu təkliflə çıxış edib. Prokuror deyib ki, Aslan İsmayılovun xuliqanlığı məhkəmədə sübuta yetirilib.

Dövlət ittihamçısının sözlərinə görə, Aslan İsmayılov Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin onu təhqir etməsinə görə qaldırdığı iddia icraata götürülmədiyi üçün ötən il oktyabrın 2-də Binəqədi Rayon Məhkəməsində xuliqanlıq edib. İddia olunur ki, hakimin katibindən bu xəbəri eşidən hüquqşünas qapını çırpıb, çərçivəsini sındırıb, divarın suvağını töküb, hakimin və məhkəmə sədrinin ünvanına təhqiramiz ifadələr işlədib. Prokuror deyir ki, Aslan İsmayılovun xuliqanlığı nəticəsində dövlətə 130 manat ziyan dəyib: "Xahiş edirəm, məhkəmə onun ziyanı ödəməməsini, əməlindən peşman olmamasını da nəzərə alsın".

Prokuror bildirib ki, sırf xuliqanlıq əməlinə görə hüquqşünasa aylıq qazancının 20 faizi tutulmaqla, 1 il islah işləri cəzası istəyir. Ancaq ona Hafiz Hacıyev və işadamı Mürvət Həsənlinin iddiaları əsasında verilmiş islah işləri və pul cəzaları da var ki, ödənilməyib. Ona görə də, təklif edib ki, hər üç iş üzrə cəzalar birləşdirilsin və Aslan İsmayılov üzərində 2 il islah işləri ilə 1500 manat cərimə də saxlansın, 50 manatlıq ekspertiza xərci də ondan tutulsun.

Ardından Aslan İsmayılova son söz demək təklif olunsa da, təqsirləndirilən hüquqşünas vaxt istəyib: "Mənim çıxışım müdafiə yox, ittiham nitqi olacaq. Prokurorun belə saxta, heç nəyə əsaslanmayan çıxışından sonra son sözümü yazılı təqdim etmək qərarına gəldim. Çünki məhkəmənin çıxışımı saxtalaşdırmayacağına inamım yoxdur".

Hakim ona noyabrın 19-na qədər vaxt verib.

Aslan İsmayılov AzadlıqRadiosuna bildirib ki, əslində, onu həbs etmək planı vardı: "Mənim həbsim üçün prezidentin razılığını ala bilməyiblər".

Aslan İsmayılov Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə ittiham olunur. Bu maddədə 1000 manatdan 3000 manatadək cərimə, 1 ilədək islah işləri və ya azadlığın məhdudlaşdırılması, yaxud da 1 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Mənim çıxışım müdafiə yox, ittiham nitqi olacaq. Prokurorun belə saxta, heç nəyə əsaslanmayan çıxışından sonra son sözümü yazılı təqdim etmək qərarına gəldim. Çünki məhkəmənin çıxışımı saxtalaşdırmayacağına inamım yoxdur.
Aslan İsmayılov

Lakin o, ittihamı qəbul etmir və ictimai fəaliyyətinə görə sifarişlə təqib olunduğunu bildirir. Məhkəmədə də deyib ki, özəlliklə Milli Onkologiya Mərkəzində korrupsiya halları barədə açıqlamalarından sonra təqiblər güclənib.

Bu cinayət işi ilə paralel Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında iki iddia qaldırılmışdı.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və "Xəmsə" şadlıq sarayının sahibi Mürvət Həsənli hüquqşünasın sosial şəbəkələrdə onları təhqir etdiyini, böhtan atdığını iddia edərək, onun cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə həmin iddialar əsasında hüquqşünas məhkum edilib, ona pul cəriməsi və islah işləri cəzası kəsilib. Bakı Apellyasiya Məhkəməsi də qərarları qüvvədə saxlayıb.

(c) AzadlıqRadiosu

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG