Accessibility links

Mərakeşdə Ramazan ayı gecələr komendant saatı tətbiq ediləcək


Mütəxəssislərin virusun yeni, yerli bir variantının aşkar edildiyini bildirməsindən və son zamanlar COVID-19-a yoluxma hallarının artmasından sonra Mərakeş hökuməti çərşənbə günü müqəddəs Ramazan ayı boyunca gecələr komendant saatı tətbiq etməyə qərar verib.

Bir çox mərakeşli qərardan hiddətləndiyini sosial şəbəkələrdə dilə gətirərək, bunun bayram ayı ailə yığıncaqlarına və onsuz da həyatda qalmaq üçün mübarizə aparan bir çox müəssisəyə zərbə kimi xarakterizə edib.

Bu Şimali Afrika krallığı bu günə qədər bölgənin ən uğurlu peyvənd proqramını həyata keçirsə də, əsasən ən böyük şəhər Kasablankada olmaqla, koronavirusa yoluxmalar artmaqda davam edir.

Səhər saat 6-ya qədər davam edən komendant saatı dekabr ayından bəri qüvvədədir və hökumət bunun aprelin 13-də başlayan Ramazan ayında da tətbiq edilməsinə qərar verib.

Müsəlmanlar Ramazan ayında gündüz yemək yemədiyi üçün adətən kafe və restoranlar axşam saatlarında pul qazanır. İndi isə komendant saatı səbəbindən onlar işləməyəcək.

Yaxın Şərq ölkələrindən bəziləri keçən il Ramazan ayı pandemiyaya görə məhdudiyyətlər və komendant saatları tətbiq etmişdi. Bu il də bəzi ölkələr məhdudiyyətləri nəzərdən keçirmək və ya yeniləmək barədə düşünür.

Pandemiya başlayandan bəri Mərakeşdə 8865 ölüm, 499000-dən çox yoluxma halının qeydə alındığı bildirilib.

Krallıq bu günə qədər Afrikada ən çox peyvənd tətbiq edən ölkədir. Yanvarın 29-dan, peyvəndə başlayandan bəri 36 milyon əhalisi olan ölkəydə 8,3 milyon dozada peyvənd tətbiq edilib. Peyvənd tətbiqi bəzi Avropa ölkələrindən daha yüksək olsa da, Mərakeşin peyvənd tədarükünün azalmasına dair narahatlıqlar artmaqdadır.

Şərhlərə bax

XS
SM
MD
LG