Accessibility links

Mərkəzi Bankın rəhbəri: Azərbaycanda devalvasiya gözlənilmir


pul
pul

Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov mümkün devalvasiya ilə bağlı şayiələri təkzib edib.

Bu barədə Rüstəmov bu gün, oktyabrın 29-da keçirdiyi mətbuat konfransında bildirib.

“Bütün bunlar bəzi KİV-lərin spekulyasiyasının nəticəsidir,” o qeyd edib.

Onun sözlərinə görə, bütün fundamental amillər, mövcud vəziyyət makroiqtisadi sabitliyi tam dəstəkləyir.

“Tədiyyə balansı, neftin qiyməti, satılan neft həcmlərində gözlənilən artım, tədiyyə balansında profisit gözlənilməsi milli valyutanın sabitliyinin göstəricisidir. Bütün iqtisadi platforma manatın hazırkı məzənnəsinə əsaslanır. Hökumətin və Mərkəzi Bankın mövqeyi ondan ibarətdir ki, nə bu il, nə də gələn il devalvasiya olmayacaq, milli valyutanın sabitliyinə və makroiqtisadi sabitliyə heç bir təhlükə yoxdur.”

Onun sözlərinə görə, vəziyyət tam əksinədir və manatın möhkəmlənməsi təhlükəsi realdır ki, bu da iqtisadi strategiyaya uyğun gəlmir.

Elman Rüstəmov vurğulayıb ki, ilin sonuna qədər manatın möhkəmlənməsi üçün təzyiqlərin müəyyən qədər neytrallaşacağını gözləyirlər.

“Mən xüsusilə vurğulayıram ki, Azərbaycan hökumətinin və Mərkəzi Bankın devalvasiya ilə bağlı planları yoxdur,” Rüstəmov bildirib.

Mümkün devalvasiya ilə bağlı mətbuatda yazılanların səbəblərinə toxunan Mərkəzi Bankın rəhbəri qeyd edib ki, onlar medianı yaxından izləyir və prosesləri təhlil edirlər. Onun fikrincə, şayiələr artıb. Eyni zamanda, Elman Rüstəmov paradoksal vəziyyətin yarandığını qeyd edib, belə ki, peşəkar ekspert birliyi öz şərhlərində devalvasiya ehtimalını inkar edir, bəzi KİV-lər isə bu şərhlərin başlıqlarında erkən devalvasiya gözləntisi çıxarır.

“Ekspert cəmiyyəti vəziyyəti düzgün, hərtərəfli təhlil edir, bizim fikrimizlə üst-üstə düşən proqnozlar verir. Bununla belə, bəzi KİV-lər oxucuların diqqətini cəlb etmək üçün diqqəti cəlb edən başlıqlardan istifadə edirlər. Bu başlıqlar spekulyativ xarakter daşıyır və nəyə xidmət etdiklərini bilmirəm. Bu ciddi paradoksdur. Bu cür başlıqlarla əhalini narahat etməyə ehtiyac yoxdur. Hər kəsi ciddi sosial məsuliyyətə və peşə etikasına riayət etməyə çağırıram,” o qeyd edib.

Elman Rüstəmov qeyd edib ki, son bir neçə ildə hər dəfə ilin sonunda belə söz-söhbətlər yaranır və bu kimi zərərli təcrübədən uzaqlaşmaq lazımdır.

“Yanvar ayında pandemiyanın tüğyan etdiyi bir vaxtda kütləvi informasiya vasitələrində bu cür yazılara görə təlaşa düşən əhali banklara üz tutdu və uzun növbələr yarandı. Bütün bunlar COVID-in yayılması səbəbindən insanların sağlamlığı üçün təhlükədir,” Rüstəmov deyib.

Xatırladaq ki, son günlər yerli mediada manatın yenidən ucuzlaşacağı,1 dolların 2 manat olacağı ilə bağlı məlumatlar dərc olunur. Medianın yazdığına görə, Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Türkiyənin milli valyutasının ucuzlaşması və daxili bazarda da müşahidə edilən dəyişikliklər manatın ucuzlaşma risklərini gündəmə gətirib.

Bununla yanaşı, bir sıra ekspertlər bu məlumatların reallığı əks etdirmədiyini bildirir. Belə ki, Azərbaycanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 51 260,2 milyon ABŞ dolları təşkil edib. Bunun 86,3%-i və yaxud 44 226,4 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 13,7%-i və yaxud 7 033,8 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb. Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 700 milyon dollar və yaxud 1,4% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 0,3%, AMB-nin valyuta ehtiyatlarında isə 9% artım olub.

Son 1 ildə ölkənin valyuta ehtiyatları 1 480,2 milyon dollar və yaxud 3% artıb.

Onu da bildirək ki, bu il oktyabrın 26-da Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracında tələb 74,8 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1 manat 70 qəpik səviyyəsində formalaşıb.

XS
SM
MD
LG