Accessibility links

Mərkəzi Bankın sədri: Azərbaycanda devalvasiya olacağı barədə fikirlərin heç bir əsası yoxdur


Elman Rüstəmov
Elman Rüstəmov

“Azərbaycanda devalvasiyanın olacağı barədə səsələnən fikirlərin heç bir əsası yoxdur. Pandemiya fonunda manatın devalvasiyası gözlənilmir.”

Bunu Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov deyib.

AMB sədri bildirib ki, artıq pandemiyanın kəskin hissəsi arxada qalmağa doğru gedir.

"Qonşu ölkələrdən, ticarət tərəfdaşımız olan ölkələrdən fərqli olaraq, pandemiyanın təsiri nəticəsində Azərbaycanda ciddi heç nə baş vermədi. Nə indi, nə də 2021-ci ildə bunu gözləmirik. Bu gün təqdim olunan büdcəmiz məhz stabil məzənnə, çox aşağı inflyasiya üzərində qurulub."

Öz növbəsində, iqtisaçi ekspert Natiq Cəfərli deyib ki, dünyada Mərkəzi Banklar iqtisadiyyatı "müdaxilərlə idarə edirlər, proseslərə yön verməyə" çalışırlar.

“Elman müəllim dəqiq bilir ki, onun devalvasiya ilə bağlı dedikləri 180 dərəcə əksinə başa düşülür. Ona görə də məsələyə bu yöndən baxıb sözləri ilə açıq mesaj verir,” o bildirib.

Bu gün, dekabrın 23-də "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" Qanun layihəs Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunur. Müzakirələrdə çoxsaylı nazirlər, komitə sədrləri, həmçinin Mərkəzi Bankın sədri iştirak edir.

Milli Məclis
Milli Məclis

Dekabrın 21-də prezident İlham Əliyev Azərbaycanın 2021-ci il dövlət büdcəsinin layihəsini Milli Məclisə təqdim edib.

Layihəyə əsasən, dövlət büdcəsinin gəlirləri 25 mlrd. 427 mln. manat nəzərdə tutulur. Bu, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 mlrd. 303 mln. manat və yaxud 5.4 faiz çoxdur.

Mövcud layihədə xərclər isə 28 mlrd. 543 mln. manat nəzərdə tutulur. Bu da 2020-ci ilə nisbətən 1 mlrd. 50.8 mln. manat və ya 3.8 faiz çoxdur.

2021-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 mlrd. 116 mln. manat məbləğində nəzərdə tutulur. Bu da 2020-ci illə müqayisədə 0.6 faiz azdır.

Layihədə neftin bir bareli 40 ABŞ dolları götürülüb. 2020-ci ilin büdcə sənədində isə bu, 35 dollar götürülüb.

2017-ci ilin yazından manatın məzənnəsi sabit qalıb. 1 dollar 1 manat 70 qəpiyə bərabərdir.

Ekspertlərin fikrincə, bu, Azərbaycanda manatın məzənnəsinin tənzimlənməsindən irəli gəlir. Manat 2015-ci ildə kəskin ucuzlaşıb. Baş verən 2 devalvasiya nəticəsində manat 2 dəfədən çox dəyər itirib.

XS
SM
MD
LG