Accessibility links

Mərkəzi Bank “devalvasiya olmayacaq” deyir, amma dollara tələbat artır


Mərkəzi Bank (Kollaj-dollar-manat)

Azərbaycanda son günlər sosial şəbəkələrdə və yerli mediada manatın devalvasiyası ilə bağlı fikirlər müzakirə mövzusu olub.

Mərkəzi Bankın sədri Elman Rüstəmov dekabrın 23-də bildirib ki, Azərbaycanda devalvasiyanın olacağı barədə səslənən fikirlərin heç bir əsası yoxdur.

“Pandemiya fonunda manatın devalvasiyası gözlənilmir. Qonşu ölkələrdən, ticarət tərəfdaşımız olan ölkələrdən fərqli olaraq, pandemiyanın təsiri nəticəsində Azərbaycanda ciddi heç nə baş vermədi. Nə indi, nə də 2021-ci ildə bunu gözləmirik. 2021-ci il dövlət büdcəmiz məhz stabil məzənnə, çox aşağı inflyasiya üzərində qurulub," o qeyd edib.

Azərbaycanda 2017-ci ilin yazından manatın məzənnəsi sabit qalır. 1 dollar 1 manat 70 qəpiyə bərabərdir.

Ekspertlərin fikrincə, bu, Azərbaycanda manatın məzənnəsinin tənzimlənməsindən irəli gəlir. Manat 2015-ci ildə kəskin ucuzlaşıb. Baş verən 2 devalvasiya nəticəsində manat 2 dəfədən çox dəyər itirib.

Bununla yanaşı, ekspertlər devalvasiya ilə bağlı rəsmi fikrilərə inanmır.

İqtisadçı Natiq Cəfərli hesab edir ki, bütün dünyada Mərkəzi Banklar iqtisadiyyatı həm də sözlü müdaxilələrlə idarə edirlər, bəyanatlarla proseslərə yön verməyə çalışırlar.

“Elman müəllim dəqiq bilir ki, onun devalvasiya ilə bağlı dedikləri 180 dərəcə əksinə başa düşülür. Ona görə də məsələyə bu yöndən baxıb sözləri ilə açıq, gülüşü ilə sublimativ mesaj verir. Elman müəllim 17 fevral 2015-ci ildə, ilk devalvasiyadan 4 gün öncə deyib ki, 'Azərbaycanda devalvasiyasının olacağı ilə bağlı fikirlərin heç bir əsası yoxdur,'” ekspert qeyd edib.

Bu zaman yerli mediada Azərbaycanda "qara valyuta bazarı"nın formalaşması barədə yazılar dərc olunur.

“Bakı şəhərində bir neçə ünvanda qanunsuz valyutadəyişmə məntəqələri açıq-aşkar fəaliyyət göstərir. Qara bazarda dolların satış qiyməti 1.71 manatı keçərək 1.7120 manata yüksəlib. Bu qiymət dünən daha yüksək, 1.7150 manat olub. Dolların alış və satışı ilə məşğul olanlar qiymətlərin daha da yüksələcəyini bildirirlər. Qeyd edək ki, indiyədək "qara bazar"da dollar 1.7070-1.7080 manat qiymətlərə satılırdı. Bu gün "qara bazar"da dollar alanların çoxlu sayda olduğu müşahidə olunur. Mərkəzi Bank vətəndaşların banklardan xarici valyuta almasına məhdudiyyət tətbiq edib. Buna baxmayaraq "qara bazar"da dollar tapılır,” biznes və maliyyə xəbərləri agentliyi marja.az yazır.

Dekabrın 26-da Mərkəzi Bank mediada və sosial şəbəkələrdə "qara bazar"la bağlı yayılan məlumatlara münasibət bildirib.

Mərkəzi Bankın məlumatında deyilir ki, müvafiq lisenziya olmadan valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi qanunvericiliyin tələblərinə ziddir və bu fəaliyyətin qarşısının alınması səlahiyyətli orqanlar tərəfindən təmin edilir.

“Ölkədə valyuta satışı üzrə “qara bazar”ın fəaliyyət göstərməsi ilə bağlı ictimaiyyətdə yayılan yanlış firkilərə cavab olaraq bildiririk ki, Azərbaycanın Mərkəzi Bankı (AMB) qanunvericiliklə nəzərdə tutulmuş qaydada valyuta mübadiləsi fəaliyyəti üzrə lisenziyaya malik olan banklar və valyuta mübadiləsi məntəqələri üzərində nəzarəti həyata keçirir,” Mərkəzi Bank qeyd edir.

Xatırladaq ki, Mərkəzi Bankda keçirilən son valyuta hərraclarında da dollara tələbat artmaqda davam edib. Belə ki, dekabrın 22-də keçirilən hərracda 74,3 milyon ABŞ dolları satılıdırsa, dekabrın 24-də bu rəqəm 79,8 milyon ABŞ dolları olub.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG