Accessibility links

Mərkəzi Seçki Komissiyası Fərəc Quliyevə xəbərdarlıq edib


Mərkəzi Seçki Komissiyası (MSK) bu gün, fevralın 5-də keçirilən iclasında 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi qeydə alınan Mehman Hüseynovun həmin dairədən namizəd Fərəc Quliyevlə bağlı şikayətinə baxıb.

MSK Fərəc Quliyevdən izahat alaraq ona xəbərdarlıq edib.

Məsələ barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

O bildirib ki, şikayətə qanunvericiliyə uyğun olaraq MSK nəzdində fəaliyyət göstərən Ekspert Qrupu tərəfindən baxılıb və araşdırılıb.

Araşdırma prosesində tərəflərlə əlaqə saxlanılıb və iclasda iştiraka dəvət olunub.

Fərəc Quliyevin izahatı alınıb. O, izahatında qeyd edib ki, Mehman Hüseynovla aralarında görüş 45 dəqiqə çəkib: "Fərəc Quliyev bildirib ki, Mehman Hüseynova pul təklif etməyib və səs yazısı montaj edilib."

Mehman Hüseynov MSK-nin iclasında çıxış edib. Çıxışın bir hissəsi sosial şəbəkələrdə yayılıb.

Fevralın 1-də Mehman Hüseynov Fərəc Quliyevlə söhbətinin audioyazısını yayımlayıb. O, blogerə 15 min manat qarşılığında namizədliyini geri götürməyi təklif edir.

Fərəc Quliyev audioyazının həqiqi olduğunu etiraf edib, bildirib ki, pulu onu ələ almaq üçün deyil, müalicə üçün təklif edib.

Hüquqşünaslar Fərəc Quliyevin hərəkətində cinayət əməlinin əlamətləri olduğunu və namizədliyinin ləğv edilməli olduğuna dair fikir səsləndiriblər.

Əvvəllər müxalif düşərgəsində olan Fərəc Quliyev 1995-ci ildə həbs edilib. 2002-ci ildə əfv edilib və azadlığa buraxıldıqdan sonra keçmiş tərəfdaşlarını - demokratları və Xalq Cəbhəsi tərəfdarlarını kəskin tənqid etməyə başlayıb.

2010 və 2015-ci illərdə Fərəc Quliyev Milli Dirçəliş Hərəkatı Partiyasının sədri kimi parlamentin deputatı seçilib.

XS
SM
MD
LG