Rusiya ilə Çin Şimali Koreyaya qarşı tətbiq edilmiş beynəlxalq sanksiyaları fəal şəkildə pozurlar.
Bu haqda BMT-nin yeni hesabatı ilə tanış olan Wall Street Journal qəzeti məlumat verib.
Sənəddə deyilir ki, ABŞ-ın xüsusi xidmət orqanlarının məlumatına görə, Rusiya və Çinin gəmiləri qadağalara baxmayaraq, Şimali Koreyaya yanacaq daşınmasını artırıb.
Hesabatın müəlliflərinə əsasən, Rusiyanın Şimali Koreya ilə 39, Çinin isə 200 birgə müəsisəsi fəaliyyət göstərir. Sənəddə Rusiya və Çin banklarının Pxenyana xaricdə qanunsuz yolla qazanılmış pulların köçürülməsində yardım etdiyi qeyd edilir.
Müşahidəçilər həmçinin Şimali Koreyanı Suriya, Yəmən, Liviya və dünyanın digər münaqişəli regionlarına qanunsuz silah göndərməkdə ifşa edib. Sənəddə Çinin qanunsuz yollarla Şimali Koreyaya kömür göndərdiyi haqda çox sayda misal gətirilir. Qeyd edilir ki, Çinin gəmiləri ələ keçməmək üçün mürəkkəb marşrutlar seçir. Hesabat müəllifləri qeyd edirlər ki, aşkar edilmiş bu pozuntular BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı sanksiyalarının “qeyri-effektiv” olmasına gətirib çıxarır.
Qəzet bu həftənin əvvəli Şimali Koreya gəmilərinin bu ilin ilk beş ayı ərzində əsas etibarilə Rusiya və Çindən gətirilən 89 yanacaq yükü keçirdiyi haqda məlumat verib.
Wall Street Journal qəzetində yay aylarında dərc edilmiş məqalədə isə beynəlxalq qadağaya baxmayaraq, Rusiyanın Şimali Koreyadan işçi qüvvəsindən istifadə etdiyi haqda məlumat verilmişdi.
BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı nüvə və raket sınaqları ilə əlaqədar bir neçə dəfə ciddi sanksiyalar tətbiq edib.