Koronavirus Avropa Birliyinin ən yoxsul ölkələrindən biri olan Macarıstanın iqtisadiyyatını iflasa uğratdığı bir vaxt hətta ən yaxşı vaxtlarda belə çətinliklə dolanan qaraçılar aclıqla üzləşir.
Koronavirus pandemiyası Macarıstan paytaxtı Budapeştdən 150 kilometr məsafədə yerləşən qəsəbədəki qaraçıların onsuz da çətin olan həyatlarını daha da çətinləşdirdi.
“İnsanlar virusdan qorxur, lakin həyatda qalmaq üçün daha çox narahatdırlar. Onlar xəstəlikdən daha çox aclıqdan qorxurlar,” Rita Berki bildirir.
Qaraçılar xəstəlikdən daha çox aclıqdan qorxurlar.
Rita Berki Macarıstanın ən kasıb qaraçı gecəqondularından biri olan Hetes qəsəbəsində yaşayır və buranın sakinləri bir vaxtlar başlıca dolanışıq mənbəyi olan qeyri-rəsmi işləri görə bilmir.
560 sakini olan bu qəsəbədəki evlərdə nə su, nə də kanalizasiya var. Onlar suyu yaxınlıqdakı quyulardan gətirir. Koronavirusa görə müəssisələr qapılarını bağladıqdan sonra çoxları işini itirib və onların iki aydan çoxdur qazancları yoxdur. Rita Berki: “Pandemiyadan əvvəl iş var idi, insanlar torpaqda, üzüm bağlarında və ya boya işlərində işləyə bilirdi. Lakin pandemiya gələndən sonra hər şey dayandı.”
Hetes yaşayış məntəqəsi Slovakiya ilə sərhəddəki Ozd şəhərinin yaxınlığında yerləşir. Bir vaxtlar daş kömür mədənləri və metallurgiya zavodları olan bu böyük sənaye mərkəzinin əhalisi 1990-cı illərdən sonra azalmağa başlamış və işsizlik səviyyəsi yüksək həddə çatmışdır.
Buradakı əhalinin 37 faizi Macarıstanın ən böyük etnik azlığı olan qaraçılardan ibarətdir, və onların çoxu şəhərdən kənarda yaşayır. Qaraçların çoxu qeyri-rəsmi olaraq işlədikləri üçün böhran nəticəsində işsiz qaldıqlarına görə müavinət ala bilmir.
Ozd Qaraçılar hökumətindən Cozsef Varadi deyir: "Təəssüflər olsun ki, bu böhran ən çox qaraçılara təsir göstərir, çünki onların çoxu kəndlərdə, işlərin olmadığı yerlərdə yaşayır. Onlar işləmək üçün müxtəlif kiçik şirkətlərə gedirdi və bu şirkətlər bu günə qədər bağlıdır."
Yerli hökumət ehtiyacı olanlara yardım etmək üçün fond yaradıb və yerli siyasi partiyaların yardımları ilə 500 ailəyə ərzaq paketləri paylanıb. Lakin Ozdun Qaraçılar Hökumətindən Cozsef Varadi bu fondun kifayət olmadığını deyir. Və Budapeşt hökuməti heç bir təklif irəli sürməyib.
Romalı azlıq parlamentinin prezidenti Aladar Horvat deyib: “İqtisadiyyat dayansa, dövlətin gəliri təmin etməkdən başqa yolu olmayacaq. Bunu dünyanın hər yerində edirlər, lakin Macarıstan cəmiyyətin üçdə birini təşkil edən ən aşağı təbəqəni dəstəkləməyəcəyinə qərar verib."
Macarıstanın baş naziri Viktor Orban ölkədə işə əsaslanan, yalnız işləyənlərin dövlət yardımına layiq olduğu bir cəmiyyət yaratmağa çalışdığını deyib. Hər gün təxminən 4,000 macar işini itirdiyi bir halda çoxlarını hökumətdən nə cür yardım ala biləcəkləri qayğılandırır.