Accessibility links

Maduro rus xəbər agentliyinə Trampın onu öldürmək istəyini deyib


Venesuela prezidenti Nikolas Maduro rus xəbər agentliyi “РИА Novosti”yə verdiyi müsahibədə ABŞ prezidenti Donald Trampın onu öldürməsi əmrini verdiyini bildirib.

“Şübhəsiz Tramp Kolumbiya hökümətinə, Kolumbiya mafiyasına məni öldürmələrini söyləyib. Mənə nə vaxtsa nəsə olsa, Donlad Tramp və Kolumbiya prezideni İvan Duke mənim başına gələn hər şeyə görə məsuliyyət daşıyacaq,” Maduro deyib.

O əlavə edib ki, Venesuela ordusu “əxlaq, sadiqlik və intizam dərsi” nüamyiş etdirərək onu dəstəkləyir.

Lakin Maduro Rusiyanın özəl hərbi şirkətlər tərəfindən mühafizə olunduğuna dair məlumata şərh verməyib.

“Bu barədə heç bir şey deyə bilmərəm”, o deyib.

Bu ərəfədə Reuters xəbər agentliyi muzdlu hərbçilərə yaxın olan iki mənbəyə əsaslanaraq, xüsusi hərbi şirkətlərin döyüşçüləri son bir neçə gündə ABŞ tərəfindən dəstəklənən kütləvi etirazlar zamanı Maduronun təhlükəsizliyini təmin etmək üçün Venesuelaya getdiklərini bildirib.

Müsahibə zamanı Maduro müxalifətlə danışıqlara getməyə razı olduğunu söyləyib.

“Mən müxalifətlə Venesuelanın gələcəyi və sülhü naminə müzakirələr aparmaq üçün danışıqlar masasına əyləşməyə hazıram”, o deyib.

Maduro bu danışıqların Rusiya da daxil olmaqla, bir sıra vasitəçi ölkələrdə keçiriləcəyini söyləyib.

“Venesuelada baş verənlərlə bağlı narahatlıq keçirən bir neçə hökümət və təşkilat var, onlar danışıqlara çağırıb. Meksika, Uruqvay, Boliviya, Rusiya, Vatikan və bir sıra Avropa ölkələri danışıqları dəstəkləyir. Mən onların istədikləri yerdə, istədikləri zaman, istədikləri formada danışıqları dəstəkləməkləri üçün rəsmi məktublar göndərirəm”, Maduro deyib.

O həmçinin erkən parlament seçkilərinin keçirilməsi barədə danışıb, lakin erkən prezident seçkiləri ilə bağlı heç bir şərh bildirməyib.

Daha əvvəl bir sıra Avropa ölkəsi Venesuelada 8 gün ərzində erkən prezident seçkilərinin keçirilməsinə çağırıb. Bu baş vermədiyi halda Qərb liderləri Xuan Quaydonu Venesuelanın prezidenti kimi tanıyacaqlar.

Yanvarın 23-ü Venesuela parlamentinin sədri Xuan Quaydo bir neçə şəhərdə keçirilən kütləvi etirazlar fonunda müvəqqəti ölkənin prezident səlahiyyətlərini öz üzərinə götürüb. O, Nikolas Maduronun qalib gəldiyi son prezident seçkilərini etibarsız adlandırıb. Quaydo venesuelalıları küçələri Maduro hakimiyyətdən imtina etməyənədək tərk etməməyə çağırıb.

ABŞ, Kanada, Braziliya, Peru, Argentina, Paraqvay, Kolumbiya, Ekvador, Kosta-Rika, Çili, Panama və Böyük Britaniya Quaydonu legitim dövlət başçısı kimi tanıyıb.

Rusiya, Türkiyə, Çin, Kuba və Boliviya isə Maduronu prezident hesab edir. Rusiya prezidenti Maduro ilə telefonla danışaraq ona “şərtsiz dəstəyini” bildirib.

Rusiya və Venesuela xarici işlər nazirlikləri ölkədəki siyasi böhranın ABŞ tərəfindən süni hazırlandığı bildirir.

XS
SM
MD
LG