Accessibility links

Tayvanda 7.2 bal gücündə zəlzələ baş verib


Çərşənbə günü səhər Tayvanda baş verən 7,2 bal gücündə zəlzələ adanın şərqində elektrik enerjisinin kütləvi kəsilməsinə və bir neçə binanın qismən dağılmasına səbəb olub. Ən azı 7 nəfər ölüb, 700-dən çox insan yaralanıb.

Zəlzələnin episentri adanın şərq sahilindən 25 kilometr aralıda, dərinliyi isə 15,5 kilometrdə olub. Tayvanın Mərkəzi Hava İdarəsi zəlzələnin şərq sahillərində su səviyyəsində dəyişikliklərə səbəb olduğunu bildirib və sunami xəbərdarlığı edib. Xəbərdarlıq yerli vaxtla səhər saat 11 radələrində ləğv edilib.

Yerli vaxtla səhər saat 7:58-də baş verən ilk zəlzələdən sonra indiyədək 100-dən çox yeraltı təkan qeydə alınıb. Bu, Tayvanda son 25 ildə baş vermiş ən güclü zəlzələdir. Tayvanda ən azı 26 bina tamamilə və ya qismən dağılıb.

Zəlzələ ada boyu dağıntılara səbəb olub, ən ciddi ziyan isə şərqdəki Hualien mahalında qeydə alınıb. Ölkədə ondan çox bina qismən dağılıb. Hualiendə qismən çökmüş iki binadan ondan çox insan xilas edilsə də, ən azı bir nəfər hələ də binada ilişib qalıb.

Sosial mediada yayılan görüntülərdə Hualiendəki binalardan birinin birinci mərtəbəsinin tamamilə çökdüyünü, binanın qalan hissəsinin isə 45 dərəcə əyildiyini göstərir.

Zəlzələ həmçinin Tayvanın mərkəzi və şərqində dağlıq magistral yollara qayaların dağılmasına səbəb olaraq, insanların xəsarət almasına səbəb olub. Zəlzələnin episentrinin yaxınlığındakı Hualien mahalında ən azı 77 nəfər ilişib qalıb.

Səlahiyyətlilər, yolun bəzi hissələrinə ciddi ziyan dəydiyi və xəsarət alanların olduğu Mərkəzi Kross-Ada və Suhua magistrallarını müvəqqəti olaraq bağlayıb. Əsas dəmir yolu və Hualien şəhərini Tayvanın şimalı ilə birləşdirən körpülərdən birinə ciddi ziyan dəyib və Nəqliyyat Nazirliyi cümə axşamı dəmir yolu hərəkətini bərpa edəcəyinə ümid edir.

Zəlzələ səbəbilə Tayvanın üç ən böyük şəhəri -Taypey, Tayçunq və Kaohsiunqda yüksək sürətli qatar və metroların fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Taypey metrosu və Tayvanın yüksəksürətli dəmir yolu yoxlanışdan sonra fəaliyyətini qismən bərpa edib. Yeni Taypey şəhərində ən azı 12 nəfər bünövrələrinin çökdüyü binalardan təxliyə edilib.

Forum

XS
SM
MD
LG