Accessibility links

Dr. Çöhrəqanlı siyasətə qayıdışının səbəblərini açıqlayıb


Dr. Çöhrəqanlı siyasətə qayıdışının səbəblərini açıqlayıb
Dr. Çöhrəqanlı siyasətə qayıdışının səbəblərini açıqlayıb

Çöhrəganlı xidmətimizə bildirdi ki, onun 2010-cu ilin aprel ayında istefa verməsindən sonrakı müddətdə GAMOH-un mərkəzi komitəsinin üzvlərinin 90 faizi İranın müxtəlif şəhərlərində həbs olunublar.

Bu yaxınlaradək Dr. Mahmudəli Çöhrəqanlı siyasətdən çəkilmiş, və Güney Azərbaycan Milli Dirçəliş Hərəkatı GAMOH-u tərk etdiyini demişdi. Amma siyasətə qaydışının əlaməti olaraq bir neçə gün əvvəl GAMOH-un internet saytı vasitəsi ilə keçirilən konfransında Dr. Çöhrəqanlı təşkilata yenidən lider seçilib.

Mahmudəli Çöhrəqanlı Amerikanın səsinin Azərbaycan xidmətinə verdiyi müsahibədə bildirib ki, o heç zaman GAMOH-u tamamilə tərk etməyib. Keçmişdə GAMOH-a rəhbərliyi tərk etməsini cənab Çöhrəqanlı o zaman rəhbərliyin ölkə daxilindəki mövcudiyyətinin müəyyən üstünlükləri ilə əlaqələndirdi. Bu yaxınlarda isə qurum yeni siyasi platforma hazırlayıb. Platformanın məramı hazırda İran daxilində yetişən gənc nəslin rəhbərliyi ələ almasıdır.

Dr. Çöhrəqanlı Amerikanın səsinə müsahibəsində səhhətində yaranmış problemlərin, İrana, İran Azərbaycanına getməyin imkansızlığının, digər tərəfdən Türkiyə, Azərbaycan və İran arasındakı əməkdaşlıq müqavilələrinə görə Türkiyəyə və Azərbaycana gedişinin qadağan edilməsinin onun GAMOH başqanlığından istefa verməsində rol oynadığını dedi. O, həmçinin 2006-cı ildə Türkiyə və Azərbaycandan deportasiya olunduğunu xatırlatdı.

Çöhrəganlı xidmətimizə bildirdi ki, onun 2010-cu ilin aprel ayında istefa verməsindən sonrakı müddətdə GAMOH-un mərkəzi komitəsinin üzvlərinin 90 faizi İranın müxtəlif şəhərlərində həbs olunublar. Bu isə keçən yayda İran Azərbaycanında azərbaycanlı insan hüquqları fəallarının kütləvi şəkildə həbs olunduğu zamanlara təsadüf edir.

Mahmudəli Çöhrəqanlının dediyinə görə bu səbəbdən mərkəzi komitə təqribən 9 ay iclas keçirərək onun istefa məsələsinə baxa bilməyib. Çöhrəqanlı fəalların tutulma səbəblərin belə izah etdi: “İranın qüdrətli kəşfiyyat və təhlükəsizlik qüvvələri bütün təşkilatları nəzarət altında saxlayır və əvvəlcə həbs etdikləri adamlardan aldıqları məlumatlar əsasında GAMOH-un mərkəzi komitəsinin üzvlərinin çoxunu müəyyən edərək tutublar.”

Dr. Çöhrəqanlının fikrincə Yaşıl Hərəkatın nəticəsində İranda olan siyasi, dini organlar, Ordu, İnqilab Keşikçiləri, təhlükəsizlik qüvvələri, parlament, Ali Məsləhət Şurası və digər orqanlar arasında parçalanma baş verib.

Amerikanın səsi: “Cənab Çöhrəqanlı, azərbaycanlılar Yaşıl Hərəkat zamanı nisbətən sakit qaldılar və prezident Mahmud Əhmədinejad və ali dini lider Ayətullah Əli Xameneiyə zidd etiraz nümayişləri keçirmədilər. Belə olan halda niyə görə Yaşıl Hərəkatın yatırılmasından sonra həyata keçirilən əməliyyatlar nəticəsində çoxlu azərbaycanlı insan hüquqları fəalı həbs olundu?”

Cənab Çöhrəqanlı bu həbslərin səbəblərini Azərbaycanın oyanması və müstəqillik fikirləri ilə əlaqələndirdi və əlavə etdi: “İranda azı 35 milyon azərbaycanlı var. Əgər hər evə 5 adam düşəndə, bu yeddi milyon azərbaycanlı ailə deməkdir ki, məncə hər evdə azı bir adam Azərbaycan milli hərəkatının fəalıdır. Rejim bunları diqqətlə nəzərə alıb. Onlar nə islahatçılar cəbhəsində, nə də mühafizəkarlar cəbhəsindədirlər. Dövlət gorür ki, Güney Azərbaycan müstəqil yol gedir bu İran rəsmilərini narahat edir.”

Cənab Çöhrəqanlı daha sonra bildirdi: “Rejim bilir ki Azərbaycanda bu hərəkat davam etsə, İranın mövcud rejimi aradan getməlidir. Buna görədə Ettelaat İran şəhərləri arasında mərkəzdən kənarda yanlız Təbrizdə xüsusi bir şöbə açıb. Bu, isə Güney Azərbaycanın İran üçün önəmini göstərir.”

GAMOH liderinin fikrincə İran rejimi iki başlıca cəbhədə savaşır ki, bunlardan biri Yaşıl Hərəkat, digəri isə Güney Azərbaycan hərəkatıdır. Bundan əlavə o, İran rejiminin başqa cəbhələrdə kürdlər, ərəblər və bəlucların milli tələblərinə qarşı mübarizə apardığını qeyd etdi.

XS
SM
MD
LG