Accessibility links

Makedoniyanın adının dəyişdirilməsi narazılıqla qarşılanıb


Makedoniyanın Yunanıstanla ad məsələsini yoluna qoymasını Qərb liderləri alqışlayıb. Amma hər iki ölkə başçısının qarşısında bu razılaşmanı parlamentlərindən keçirmək kimi çətin vəzifə dayanır.

Razılaşmaya qarşı çıxanlar bir neçə gün idi ki, hər iki ölkədə etiraz yürüşləri keçirirdilər. Onlar iyunun 12-də etirazlarını bir daha səsləndirib, sənədin ratifikasiyasına qarşı çıxacaqlarını bildiriblər.

“AĞIR GÜN”

Bu gün Makedoniya Respublikası üçün ağır gündür”, Makedoniyanın müxalifətdə olan VMRO-DPMNE partiyasının sədri Hristiyan Mikoski deyib. O, ölkəsinin Şimali Makedoniya Respublikası, yaxud Severna Makedonija adlandırılmasını nəzərdə tutan razılaşmanı “saxta qələbə” hesab edir.

Hristijan Micoski
Hristijan Micoski

Mikoskinin iddiasına görə, baş nazir Zoran Zaev bu razılaşma ilə Yunanıstana “təslim olub”. Ötənilki seçkilərdə VMRO-nu Zaev-in Sosial Demokrat partiyası məğlub edib.

Makedoniya prezidenti Gjorge Ivanov da razılaşmadan narahatlığını dilə gətirib. Onun fikrincə, bu sənəd makedoniyalıların ölkə içində öz ölkələrini necə çağırmasına təsir göstərməməli, yaxud konstitusiyaya dəyişiklik olunmamalıdır.

“Makedoniya xalqının və vətəndaşlarının şərəfinə toxunmayacaq həllin tapılmasından ötrü daha geniş milli konsensusa ehtiyac var”, Ivanov iyunun 12-də deyib.

Yunanıstanda da müxalifət narazıdır. Burada çoxları düşünür ki, şimal qonşularına “Makedoniya” adından istifadəyə icazə verilməməlidir. Yunanıstanın şimal vilayətinin adı da Makedoniyadır.

Bu, yunanların çoxunun qarşı olduğu pis bir razılaşmadır”, Yunanıstanın əsas müxalifət partiyasının lideri Kyriakos Mitsotakis deyib. O, baş nazir Alexis Tsiprası razılaşmanı irəli aparmamağa çağırıb.

Vaşinqton, BMT, Avropa Birliyi isə sazişi alqışlayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Heater Nauert deyib ki, bu həll “hər iki ölkəyə fayda verəcək, regional təhlükəsizlik və firavanlığı gücləndirəcək”.

BMT-nin baş katibi Antonio Guterres razılaşmanı “rəhbərlik nümayişi” adlandırıb, “hər iki ölkənin vətəndaşlarını birlikdə prosesi irəli aparmağa” səsləyib.

Avropa Şurasının prezidenti Donald Task tvitində Tsipras və Zaevə “səmimi təbriklər”ini çatdırıb. "Sayənizdə mümkünsüz olan mümkünə çevrilir", o deyib.

XS
SM
MD
LG