Accessibility links

Makkenzi Bezos sərvətinin yarısını ianə edəcək


Dünyanın ən zəngin adamlarından biri Ceff Bezosdan bir neçə ay əvvəl boşanan Makkenzi Bezos sərvətinin yarısını ianə edəcəyinə söz verib.

Amazon şirkətinin təsisçisi və icraçı direktorunun keçmiş həyat yoldaşı sərvətinin 50 faizdən çoxunu xeyriyyəçiliyə xərcləyəcəyini vəd edən Giving Pledge adlı kampaniyanın 19 yeni imzaçısından biridir.

Çərşənbə axşamı ünvanladığı məktubunda Makkenzi Bezos “mənim xeyriyyəçiliyə qayğı ilə yanaşmam davam edəcək”, deyib.

Makkenzi Bezosun özünün sərvəti təxminən 37 milyard dollardır. Bloomberg Milyarderlər İndeksinə görə bu, onu dünyada 22-ci ən zəngin insan edir.

114 milyard dollar dəyərində sərvətə malik olan Makkenzi Bezosun keçmiş həyat yoldaşı hələlik vədə imza atmayıb. Lakin o, tviterdə keçmiş həyat yoldaşının qərarını dəstəklədiyini bildirib.

Giving Pledge adlı kampaniya 2010-cu ildə milyarder Vorren Baffet və Bill və Melinda Qeytslər tərəfindən yaradılıb.

Kampaniya dünyanın ən zəngin insanlarından sərvətlərinin yarısını, ya yaşadıqları müddətdə, ya da vəsiyyət kimi ianə edib-etməyəcəyini sual edir.

Giving Pledge-ə imza atanlar sırasında Elon Mask, neft maqnatı T. Bun Pikens, Maykl Blumberq, Riçard Branson və WhatsApp-ın həmtəsisçisi Brayn Akton və onun yoldaşı Teqan kimi milyarderlər də daxildir.

XS
SM
MD
LG