Accessibility links

Con Makkeyn: Rusiya keçmiş sovet məkanında nüfuzunu artırmağa çalışır


ABŞ-ın nüfuzlu respublikaçı senatoru Con Makkeyn Rusiyada prezident Putinin avtokratik idarə-üsuluna etirazların artdığının müşahidə olunduğunu deyib. Amerikanın Səsinin Rus xidmətinə müsahibə verən Con Makkeyn ABŞ və Rusiyada “qəzet diplomatiyası”, Rusiyanın Yaxın Şərqdə və keçmiş sovet məkanında nüfuzunun artması, Suriyanın kimyəvi silahları kimi məsələlərlə bağlı açıqlamalar verib.

Senator Makkeyn prezident Vladimir Putinin səyləri nəticəsində Rusiyanın Yaxın Şərqdə nüfuzunun artmasının müşahidə edildiyni deyib. “Bəşar Əl-Əsəd ona Rusiyanın Aralıq dənizindəki limanı vasitəsilə həm təyyarələr, həm də dəniz yolu ilə böyük sayda silah göndərən prezidenti Vladimir Putindən böyük dəstək alır. Rusiya indi Suriyanın kimyəvi silahlarının ləğv edilməsi üzrə razılaşmasının əldə edilməsinə görə məsuliyyət daşıyan qüdrətli ölkə kimi çıxış edir. Sonuncu dəfə Rusiya belə yüksək səviyyədə nüfuzu Ənvər Sədət rusları Misirdən çıxarana qədər 1973-cu ildə nümayiş etdirmişdi. Vladimir Putin hazırda rusların 40 il bundan əvvəlki nüfuzuna malikdir”-deyə bildirib.

Con Makkeyn Rusiyada siyasi vəziyyətə toxunaraq bildirib ki, Rusiya vətəndaşları oliqarxların hökumət strukturlarına nəzarəti və ölkədə korrupsiyadan narahatdır. “Hər hansı bir iqtisadçı bunu təsdiq edə bilər ki, neftin qiyməti bir barrel üçün 80 dollardan aşağı ensə, Rusiya iqtisadiyyatı çox ağır vəziyyətə düşəcək. Rusiya kimi böyük və geniş resurslara malik bir ölkənin iqtisadiyyatı neftin barrelinin qiymətindən asılı olmamalıdır. Təəssüflər olsun ki Rusiya iqtisadiyyatı hələ də neftdən asılıdır”-deyə o bildirib.

Respublikaçı senator deyib ki, o, prezident Putinin Valdaya dəvətini qəbul edib, onunla qarşı-qarşıya diskussiya aparmaq istərdi. Lakin Con Makkeyn Senatda qəbul edilmiş “Maqnitski aktı”na toxunaraq, ABŞ qanunvericilərinin Rusiyada prezident Putinin nümayiş etdirdiyi avtokratik idarəliçiliyə görə narahat olduğunu bildirib. O deyib ki, ABŞ eyni zamanda Rusiyanın 100 mindən artıq Suriya vətəndaşının ölümünə görə məsuliyyət daşıyan prezident Bəşar Əl-Əsədə dəstəyini davam etdirməsinə görə böyük narahatlıq keçirir. “Buna görə də mənimlə prezident Putin arasında anlaşmanın olmaması təkcə ideoloji fikir ayrılıqlarına söykənmir. Bunun arxasında daha ciddi məsələlər durur. Bu, bundan qat-qat ciddi məsələdir”-deyə senator Makkeyn bildirib.

Con Makkeyn Rusiyanın keçmiş sovet ölkələrinin demək olar hamısına təzyiq göstərdiyini bildirib. O, Rusiyanın siyasi və iqtisadi yollarla Baltika ölkələri, Moldova, Gürcüstan və Ukraynaya təzyiqləri davam etdirdiyini deyib. Senatorun sözlərinə görə, bu ölkələrin iqtisadi inkişafı Gömrük İttifaqı deyil, Avropa İttifaqının tərkibində mümkün ola bilər. “Rusiya Ermənistanı gömrük ittifaqına daxil olmağa razı sala bilib. İndi Ermənistan, Ukrayna və Qazaxıstan buraya daxil olub. Tamamilə aydındır ki, bu, həmin ölkələrin marağında deyil. Burada Ukrayna ilə bağlı bir söz demək istəyirəm. Dostum Henri Kissincer bir dəfə demişdi ki, “Rusiya və Ukrayna birlikdə qərb ölkələridir, Ukraynasız isə şərq ölkəsidir”-deyə senator bildirib.

Con Makkeyn Gürcüstanda vəziyyətə toxunaraq, Rusiyanın hərbi gücünü artırması, eləcə də Abxaziya və Cənubi Osetiya vətəndaşlarına Rusiya vətəndaşlığı verməsi səylərinə görə narahatlığını ifadə edib. “Demokratiyaya gedən yol asan deyil. Məni Gürcüstanın son 8-10 ildə xalqın əldə etdiyi fundamental inkişafları qoruyub saxlaya bilməsi məsələsi olduqca narahat edir”-deyə Con Makkeyn bildirib.

Nüfuzlu respublikaçı senator Con Makkeyn Rusiya prezidenti Vladimir Putinin ən kəskin tənqidçilərindən biridir. Prezident Putinin New York Times qəzetində ABŞ-a qarşı tənqidlər səsləndirdiyi məqaləsindən sonra, senator Makkeyn Rusiyanın Pravda qəzetində cavabla çıxış etmişdi. Con Makkeyn məqaləsində Rusiya rəsmilərinin seçkiləri saxtalaşdırdığını, mediaya tam nəzarət etdiyini və insan hüquqlarına hörmət etmədiyini qeyd etmişdi.


Dünyaya Baxış

Dünyaya Baxış. İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimi olub
please wait

No media source currently available

0:00 0:11:40 0:00

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG