Accessibility links

Makron: Avropa demokratik və avtoritar dövlətlər arasında “vətəndaş müharibəsi” astanasındadır


Fransa prezidenti Emmanuel Makron Avropanın demokratik və avtoritar dövlətlər arasında “vətəndaş müharibəsi”nə yaxınlaşdığına dair xəbərdarlıq edib.

Strasburqda Avropa Parlamentində nitq söyləyən Makron Avropa İttifaqının 28 üzvünü liberal-demokratik dəyərlərin dayağı olan Avropanı təhlükə qarşısında qoyan populist və millətçi tendensiyalara qarşı birləşməyə çağırıb. Fransa lideri nitqini Britaniyanın gələn il Avropa İttifaqından çıxmağa hazırlaşdığı, Macarıstanda və İtaliyada avro-skeptiklərin seçkilərdə qələbə çaldığı və Polşa hökuməti ilə ədliyyə sisteminin müstəqilliyi məsələsində qarşıdurmanın yarandığı bir vaxt edib.

“Belə bir təsəvvür yaranır ki, Avropada sanki fikir ayrılıqlarımız və milli eqotizmin dünya qarşısında birgə mövqeyi saxlamaqdan daha mühüm olduğu bir vətəndaş müharibəsi gedir. Qeyri-liberal ideyalar cəlbedici görünür və bu tendensiya artmaqdadır”, Makron bildirib.

Lakin Fransa lideri deyib ki, avtoritarizimlə qarşılaşmış Avropanın cavabı “demokratik avtoritarizm deyil, demokratiyanın avtoritarlığı (nüfuzu-red.)” olmalıdır.

40 yaşlı Emmanuel Makron keçən il Fransada seçkilərdə mühacirət əleyhdarı olan ifrat sağçı namizəd Marin Le Pen üzərində qələbə çalıb. O, Avropa qitəsində artmaqda olan populist ideyaların qarşısında Avropa meylli baxışlarını fəal şəkildə yaymaqda davam edir.

“Mən yuxu içində olan bir nəslə, öz keçmişini unudan bir nəslə mənsub olmaq istəmirəm. Mən Avropanın suverenliyini müdafiə edən nəslə mənsub olmaq istəyirəm, çünki biz bunun uğrunda mübarizə aparmışıq. Və mən avtoritarizmin mübtəlasına heç bir şəkildə uymayacam”, Makron bildirib.

Qanunvericilərin çoxu Makronun nitqini alqışlarla, Britaniya, Fransa və başqa ölkələrdən olan millətçilər isə sükutla qarşılayıb.

Makron Avropa İttifaqında daha güclü birliyə nail olmaq məqsədilə planını açıqlayaraq, ittifaqın büdcəsinə kömək üçün rəqəmsal iqtisadiyyata yeni verginin tətbiq edilməsinə, bəzi ölkələrdə qaçqın dalğasına etirazlar fonunda qaçqınlara daha çox yardım göstərilməsinə, müdafiə sahəsində daha yaxın əməkdaşlığın aparılmasına və Avropa İttifaqında vahid valyuta olan avronun möhkəmləndirilməsinə çağırıb.

XS
SM
MD
LG