Accessibility links

Makron Bastiliya Günü paradında Avropanın hərbi qüdrətini nümayiş etdirib


Fransa prezidenti Emmanuel Makron Avropa və Birləşmiş Ştatlar arasında münasibətlərdə gərginliyin artdığı vaxt Parisdə Bastiliya Günü paradında Avropanın hərbi qüdrətini nümayiş etdirməyə çalışıb.

Almaniya kansleri Angela Merkel və Niderlandın baş naziri kimi Avropa liderləri Makronla birlikdə Parisdə paradı izləyiblər.

Şanzelize bulvarında paradda Fransa qüvvələri ilə yanaşı Belçika, Britaniya, Almaniya, Danimarka, Niderland, Estoniya, İspaniya, Portuqaliya və Finlandiya hərbi qüvvələri iştirak edib. Paradda hərbi qüvvələrin 4 mindən çox əsgəri, 200-ə yaxın hərbi maşın, 100-dən çox hərbi təyyarə və helikopter və 200-dən çox at iştirak edib.

İkinci Dünya Müharibəsindən sonra Avropa heç vaxt bu qədər əhəmiyyətli olmayıb.
Emmanuel Makron

Builki parad Avropa şüarı altında keçib. Avropa ölkələri ilə müdafiə sahəsində daha yaxın əməkdaşlıq Makronun əsas xarici siyasət prioritetlərindən biridir. Almaniyanın siyasi həyatında narahatlıqlar və Britaniyanın Avropa İttifaqından çıxmasının gözlənilməsinə baxmayaraq, Makronun bu siyasi kursdan yayına biləcəyinə heç bir işarə yoxdur.

NATO kimi mövcud strukturlardan xaricdə missiyaların yerinə yetirilməsi üçün Avropa müdaxilə təşəbbüsü (European Intervention Initiative) ilə çıxış edən Makron Avropa ölkələrinin müdafiə sahəsində əməkdaşlığının əhəmiyyətini vurğulayıb.

“İkinci Dünya Müharibəsindən sonra Avropa heç vaxt bu qədər əhəmiyyətli olmayıb” -deyə, Makron yazılı bəyanatında bildirib. 2017-ci ildə hakimiyyətə gəldikdən sonra Makronun prezidentin televiziya ilə ənənəvi 14 İyul müraciətindən imtina etməsi mübahisələr doğurub.

Merkel mərasimdən sonra müxbirlərə paradın “Avropanın müdafiə siyasətinə gözəl nümunə” olduğunu və Almaniyanın burada iştirak etməkdən “şərəf duyduğunu” deyib.

XS
SM
MD
LG