Accessibility links

Makron Fransadakı etirazlarla bağlı xalqa müraciət edəcək


Fransa prezidenti Emmanuel Makron bu gün son dörd həftə sonu ərzində ölkədə "Sarı jiletli" etiraçılar tərəfindən keçirilmiş kütləvi nümayişlərlə əlaqədar xalqa müraciət etməyi planlaşdırır.

Bazar günü Fransa boyu işçilər həftə sonu keçirilmiş nümayişlər zamanı etirazçılar atılmış daşlar, yandırılmış maşınlar və yaradılmış dağıntıların qalıqlarını təmizləyib.

“Sarı jiletli” nümayişçilər artıq bir neçə həftədir ki, dizel yanacağına verginin artırılmasına etiraz olaraq kütləvi aksiyalar keçirir. Onlar etiraz əlaməti olaraq Fransada sürücülərin avtomobillərində saxladığı təhlükəsizlik jiletləri geydikləri üçün “Sarı jiletli”lər adlandırılır.

Şənbə günü Fransada 2000-ə yaxın nümayışçı həbs olunub.
Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, ümumilikdə ölkə boyu keçirilən aksiyalarda 136 min adam iştirak edib. Nümayişçilər həmçinin Makronun prezidentliyindən də narazılıqlarını bildirib.

Zorakı etirazlar dördüncü həftədir davam edir. Fransada Eyfel qülləsi daxil olmaqla, bir neçə turist məkanı bağlanıb və on minlərlə təhlükəsizlik əməkdaşı səfərbər edilib.

Etiraz aksiyaları Parisdən əlavə Marsel, Bordo, Lion və Tuluza şəhərlərində də keçirilib.

Parisdəki dükanların çoxu zərərin qarşısını almaq məqsədilə şənbə gününə planlaşdırılmış nümayişlərdən öncə pəncərələri və qapıları müxtəlif materiallarla örtüb. Polis şəhərin geniş küçələrini kordona alıb.

Noyabr ayından bəri Makronun qlobal istiləşmə ilə mübarizə planının bir hissəsi olaraq, dizel yanacağına vergilərin tətbiq edilməsinə etiraz məqsədilə keçirilən nümayişlərdə dörd nəfər həlak olub.

Prezident Emmanuel Makron yanacaq vergilərinin artırılmasını ləvğ etsə də, etirazçılar işçilərin, təqaüdçülərin və tələbələrin durumuna təsir göstərən iqtisadi siyasətin ünvanlanması kimi yeni tələblərlə çıxış etməyə başlayıb. Onlar vergilərin azaldılması və maaşların qaldırılması da daxil olmaqla, yeni tələblər irəli sürürlər.


XS
SM
MD
LG