Fransanın baş naziri həftələrdir davam edən şiddətli etirazlara cavab olaraq dekabrın 4-ü çərşənbə axşamı dizel yanacağına verginin artırılması planını təxirə salıb. Bu qərar 18 ay ərzində hakimiyyətdə olan 40 yaşlı Fransa prezidenti Emmanuel Makron üçün ilk vacib U-Dönüşü hesab edilə bilər.
Qərarı açıqlayan baş nazir Eduard Filip bildirib ki, Makronun iqlim dəyişikliyinə qarşı mübarizədə kritik şəkildə müdafiə etdiyi siyasətin Paris küçələrində yaratdığı qəzəbi görməmək və ya eşitməmək mümkün deyil.
“Arıtq üç həftədən çoxdur ki, on minlərlə insan Fransanın müxtəlif şəhərlərində küçələrdə, ticarət mərkəzlərinin yaxınlıqlarında öz qəzəblərini nümayiş etdirir. Bu qəzəbin dərin kökləri var və bu, uzun müddətdir artmağa davam edir. Bu gün isə həmin qəzəb kollektiv və şiddət formasında nümayiş etdirilir. Bunu görmək və ya eşitməmək üçün kar, ya da kor olmaq lazımdır.” – deyə, Fransanın baş naziri Eduard Filip bildirib.
Dizel yanacağına vergi artımının tətbiqinin altı aylıq təxirə salındığını bildirən Filip əlavə edib ki, bu dövr işləmək və alış-veriş etmək üçün avtomobillərdən istifadə edən əhalinin yoxsul hissəsinə kömək edəcək tədbirlərin müzakirəsi üçün istifadə ediləcək.
Baş nazir həmçinin vətəndaşlara xəbərdarlıq edib ki, onlar daha az vergi ödəyərək, ictimai xidmətlərin daha da yaxşılaşmasını gözləməməlidir. Buna görə də hər iki tərəf güzəştə getməlidir.
Artıq bir neçə həftədir ki, Paris və Fransanın digər şəhərlərində dizel yanacağına verginin artırılmasına qarşı kütləvi aksiyalar keçirilir.
Polisin məlumatına görə, bu aksiyalarda 400-dən çox etirazçı saxlanıb, təhlükəsizlik xidmətinin əməkdaşları da daxil omaqla, 130-dan çox adam isə xəsarət alıb.
Hakimiyyətə gəldiyindən bəri Makronun əmək qaydaları dəyişiklikləri həmkarlar ittifaqlarının etirazlarına səbəb olub. Xarici sərmayəçilər isə öz növbəsində, Fransanın biznesə meylli administrasiyasına dəstəyini ifadə edir.
Makronun siyasi rəqibləri sərvət vergisini ləğv etdiyinə görə onu “zənginlərin prezidenti” adlandırır. 18 ay ərzində hakimiyyətdə olan 40 yaşlı Fransa prezidentinin reytinqi 20 faizə qədər enib.