Accessibility links

Maks Taker: Azərbaycanın internet idarəçiliyinə dair beynəlxalq konfrans keçirməyə mənəvi haqqı yoxdur


6-9 noyabrda Bakıda internet idarəçiliyi mövzusunda beynəlxalq konfrans keçiriləcək. BMT çərçivəsində təşkil olunan konfrans ideyasını Amnesty International sərt tənqid edib.

Sual: Amnesty International təşkilatı Azərbaycanda internet idarəçiliynə dair konfransla əlaqədar hesabat açıqlayıb. Bu hesabat haqda nə deyə bilərsiniz? Onun açıqlanmasına nə rəvac verdi?

Cavab: BMT tərəfindən internetin ən yaxşı necə idarə olunmasına dair konfransın məhz Azərbaycanda keçirilməsi ideyası ironiya doğurur. Bu, həmin ölkədir ki, orada internetə dair inanılmaz dərəcədə məhdudlaşdırıcı qanunlar var. Onlar insanların internetdəki mükaliməsini izləməyə və hökumətin qərara aldığı təqdirdə bu mükaliməyə müdaxilə etməyə imkanı verir. Biz hesab etmirik ki, bu, interneti idarə etməyin düzgün yoludur. Biz bunu və həmçinin Azərbaycanın öz fikirlərini internetdə ifadə edən jurnalistlərə və blogerlərə etdiklərini işıqlandırmaq istədik.

Sual: Nəzərə alanda ki, Azərbaycan hökuməti tez-tez insan haqları təşkilatları tərəfindən media azadlığına məhdudiyyətlərə və müstəqil jurnalistlərin təqiblərinə görə tənqid olunur, niyə BMT bu konfransı Azərbaycanda keçirməyə qərar verib?

Cavab: Burada spekulyasiya etmək çətindir. Aydındır ki, Azərbaycan bu konfransa ev sahibliyi etməyə və bunun üçün lazımi pulu xərcləməyə hazırdır. Təsəvvür edirəm ki, əsas faktor bu olub. Mən bilmirəm ki, başqa hansı ölkə bu konfransa ev sahibliyi etmək təklifi ilə çıxış edib. Zənnimcə məsələnin mahiyyəti budur.

Sual: Mövcud reallıqların fonunda sizin fikrinizcə nədən Azərbaycan hökuməti bu mövzuda və bu miqyasda konfranslar keçirməyə can atır?

Cavab: Zənnimcə Azərbaycan hökuməti cidd-cəhdlə çalışır ki, ölkəni müasir, proqressiv və demokratik millət kimi dünyaya göstərsin və bu səbəbdən belə tədbirlər təşkil edir. Əslində isə hökumət Azərbaycanın proqressiv cəmiyyət haqqında təsəvvürləri ilə başqalarının proqressiv cəmiyyət haqqında düşüncələri arasındakı təzadı dünyaya göstərir. Dünyada çox ölkə tapmaq olmaz ki, orada hökumət insanların internetdəki söhbətlərinə məhkəmə qərarı olmadan müdaxilə etsin.

Sual: Azərbaycanda internetin izlənməsinə dair başlıca problem nədir? Siz hesabatda bəzi hüquqi problemləri qeyd edibsiniz. İstər hüquqi, istərsə də praktiki müstəvidə problem nədir?

Cavab: Əslində qanunların təəccüb doğuran cəhəti odur ki, hökumət internet provayderlərindən tələb edir ki, softveyr və hardveyrlərə xüsusi sistem yerləşdirsinlər ki, bunun vasitəsilə Milli Təhlükəsizlıik Nazirliyi məhkəmə orderi olmadan internetdə danışıqları izləyə bilsin. Onlar yalnız məsələni məhkəməyə çıxarmalı olduqları təqdirdə order almalı olurlar. Bu, hökumətin azad sözə inanılmaz müdaxiləsidir və belə olaraq bu, Azərbaycanın Avropa İnsan Haqları Konvesniyası qarşısındakı öhdəliklərinin pozulması anlamına gəlir.

Sual: Azərbaycanda media azadlığına gəldikdə ümumi tendensiyanı necə dəyərləndirərdiniz? Vəziyyət pisləşir, yoxsa yaxşılaşır?

Cavab: Zənnimcə, Azərbaycanda durum uzun müddətdir ki, çox pisdir və biz yaxşılaşmanın işarələrini görmürük. Biz çox narahatıq ki, Azərbaycan bu növ konfranslara ev sahibliyi edə bilir və bunu edərkən beynəlxalq ictimaiyyətin qınağından yayınır. Biz bunu Eurovison müsabiqəsi zamanı gördük. Orada fəallar televiziya stansiyası qarşısında piket keçirməyə cəhd edəndə həbs olundular. Beynəlxalq jurnalistlər orada idilər və buna şərh verdilər. Amma beynəlxalq ictimaiyyət bunu lazımi kəskinliklə pisləmədi. Beynəlxalq ictimaiyyət Azərbaycan hökumətinə aydın etməlidir ki, o, dinc nümayişləri dağıtmaqla, azad sözü boğmaqla bu ictimaiyyət qarşısında hörmət sahibi ola bilməz.
XS
SM
MD
LG