ABŞ-ın Maliyyə Naziri Canet Yellen Konqresin Prezident Co Baydenin 1,9 trilyon dollarlıq yardım paketini təsdiqləmədiyi təqdirdə, koronavirus nəticəsində tənəzzülə uğramış ABŞ iqtisadiyyatının bərpası üçün illər tələb oluna biləcəyini bildirərək, Respublikaçıların bu məbləğin böyük olduğu haqda iddialarını rədd edib.
Yellen həmçinin bazar günü bildirib ki, gəliri ildə 60 000 dollar olan amerikalılar Ağ Evin koronavirusla əlaqədar iqtisadi paketi çərçivəsində təşviq çekləri almalıdır.
“Bunun necə hədəflənəcəyinin dəqiq detalları müəyyənləşdirilməlidir, lakin ehtiyacı olan orta sinif ailələrinin köməyə ehtiyacı var”, Yellen CNN tele kanalına müsahibədə bildirib.
Ağ Ev təklif olunan 1400 dollarlıq çeklərin kimə verilməsi məsələsini müzakirə etmək üçün açıq olduğunu bildirib və gəlirlərin hansı səviyyədə olmalı olduğunu göstərməyib.
“Prezident Co Bayden şübhəsiz ki, nəyin ədalətli olduğunu müəyyənləşdirmək üçün Konqres üzvləri ilə işləməyə hazırdır və 300 000 dollardan çox gəliri olan ailənin bu ödənişləri almasını istəməzdi”, Yellen detallara toxunmadan bildirib.
Yellen Konqres 1.9 trilyon dollarlıq planı təsdiq etsə, ölkədə gələn il iş yerlərinin tam bərpa edilə biləcəyini deyib. Onun sözlərinə görə, əks təqdirdə, işsizlik illərlə davam edəcək.
Respublikaçılar Konqresin keçən il 4 trilyon dollarlıq yardım paketini qəbul etməsindən sonra dövlət borcunun artmasından ehtiyat edərək, administrasiyanın COVID-19 ilə əlaqədar olaraq iqtisadi yardım planına müqavimət göstərir.
ABC News televiziya proqramında müsahibədə Respublikaçı senator Roger Viker partiyasının 600-700 milyard dollar arasında yardım paketinə dəstək verə biləcəyinə inandığını deyib.
Bayden planı üçün hər iki partiyanın dəstəyini almaq istədiyini, lakin respublikaçıların lazımi tədbirlərin görülməsi baxımından hədəfə çatmaqdan uzaq olduğunu bildirib. O lazım gəldikdə Demokratların bunu təkbaşına edəcəyini deyib.
“Həm respublikaçılara, həm də demokratlara dedim ki, birlikdə çalışmağa üstünlük verirəm“, Bayden cümə günü jurnalistlərə bildirib.
“Lakin çox əziyyət çəkən amerikalılara indi kömək etmək, ya da uzun danışıqlarda batıb qalmaq və ya böhranla bağlı qanun layihəsində güzəştə getmək arasında seçim etməli olsam, bu asan bir seçimdir. Mən hazırda əziyyət çəkən Amerika xalqına kömək edəcəm” – deyə, Bayden əlavə edib.
ABŞ Prezidenti, Maliyyə Naziri Yellen və administrasiyanın digər rəsmiləri stimullaşdırıcı tədbirlərin iqtisadiyyat üçün təhlükəsinin çox deyil, az olacağı barədə dəfələrlə xəbərdarlıq ediblər.