Accessibility links

Elman Rüstəmov: 6 ayda 3 faiz infilyasiya olub [Video]


Elman Rüstəmov
Elman Rüstəmov

Mərkəzi Bankın sədri ölkədə maliyyə durumundan danışıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 10% səviyyəsində saxlanmasını qərara alıb. Bu barədə AMB İdarə Heyətinin sədri Elman Rüstəmov avqustun 1-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı və aşağı həddi simmetrik diapzzonda +/-2% səviyyəsində (yuxarı həddi 12%, aşağı həddi 8%) saxlanılıb.

Bundan öncə bu il ərzində AMB uçot dərəcəsini üç dəfə aşağı salıb: 2018-ci il fevralın 12-də 15%- dən 13%-ə, apreln 9-da 13%-dən 11%-ə, iyunun 14-də 11%-dən 10%-ə.

Elman Rüstəmovun sözlərinə görə, növbəti, beşinci dəfə uçot dərəcəsinə oktyabrda baxılacaq.

Uçot dərəcəsinin saxlanmasına dair qərar qəbul edilərkən ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin iqtisadi sabitliyə müsbət təsiri nəzərə alınıb.

Elman Rüstəmov diqqəti inflyasiyanın azalma trendinin saxlanmasına da yönəldib.

2018-ci ilin 6 ayında orta illik infilyasiya 3% təşkil etməklə elan olunmuş hədəf dəhlizindən 6-8% aşağı səviyyədə qərarlaşıb.

Elman Rüstəmov inflyasiyanın aşağı düşməsini manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, pul təklifinin optimal şəkildə idarə olunması, inflyasiya gözləntilərinin azalması və mövsümü faktorla izah edib. Onun sözlərinə görə, bütün bunlar dünya əmtəə qiymətlərinin, o cümlədən dünya ərzaq qiymətlərinin və ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya proseslərinin daxili inflyasiyaya artırıcı təsirini müəyyən dərəcədə neytrallaşdırır.

Elman Rüstəmov etiraf edib ki, ictimai nəqliyyatda qiymət artımının inflyasiyaya bir qədər yüksəldici təsiri var.

"Lakin düşünmürük ki, bu artım inflyasiyanı 6-7%-lik hədəf dəhlizindən kənarlaşdıra bilər", o vurğulayıb

Onun sözlərinə görə, 2018-ci ilin 7 ayında Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 3,9% artaraq iyulun 31-də 5 milyard541 milyon dollar təşkil edib.

Elman Rüstəmov deyib ki, həmin dövrdə AMB valyuta satışı ilə məşğul olmayıb, əksinə onu alıb.

Elman Rüstəmov
Elman Rüstəmov

Azərbaycanın ümumi strateji valyuta ehtiyatları isə 1-ci yarımildə 5,6% artaraq 44,2 milyard dollara çatıb.

Strateji valyuta ehtiyatları strukturunda ehtiyatların 37,7 mlrd. dolları Dövlət Neft Fondunun, 1 mlrd. dolları Maliyyə Nazirliyinin, 5,5 mlrd. dolları Mərkəzi Bankın ehtiyatlarıdır.

AMB İdarə Heyətinin sədri beynəlxalq reytinq agentliklərinin Azərbaycan iqtisadiyyatına dair reytinqini "ədalətsiz" adlandırıb.

Belə ki, Fitch uzunmüddətli emitent defoltu reytinqini xarici valyutada "BB+" səviyyəsində təsdiqləyib.

S&P Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini yerli və xarici valyutalarda "BB+/B" səviyyəsində saxlayıb.

Beləliklə, hər iki agentlik Azərbaycana aşağı reytinq verib, lakin ölkə iqtisadiyyatındakı müsbət dəyişiklikləri qeyd ediblər.

Elman Rüstəmov bu qiymətləndirməni qeyri-obyektiv və ədalətsiz hesab edir.

"Hesab edirik ki, beynəlxalq reytinq agentlikləri Azərbaycan iqtisadiyyatındakı real vəziyyəti o qədər də obyektiv qiymətləndirmir", sədr deyib.

Eyni zamanda o, həmin reytinqlərdə irəliləmək üçün potensialın olduğunu qeyd edib.

Elman Rüstəmovun sözlərinə görə, AMB və hökumət bununla bağlı işlər görür. Görülən işlər Azərbaycanın reytinqinin yaxşılaşdırılmasına təsir edəcək.

Elman Rüstəmov: 6 ayda 3 faiz infilyasiya olub
please wait

No media source currently available

0:00 0:01:57 0:00

XS
SM
MD
LG