Accessibility links

Ekspertlər ABŞ sanksiyalarının Azərbaycan manatının kursuna təsir edəcəyinə inanmır


Türkiyə, Rusiya və Qazaxıstan kimi qonşu ölkələrdə milli valyutanın dollara nisbətdə məzənnəsi kəskin şəkildə düşüb.

Belə ki, ay ərzində Türkiyə lirəsi 30,16% qiymətdən düşüb və 1 dollar 6.5717 lirədir. Rusiya rublu ay ərzində 9,51% qiymətdən düşüb, hazırda 1 dollar 68,2234 rubldur. Qazaxıstan tengesi avqustun əvvəlindən 4,8% zəifləyərək bir dollar üçün 363,22 dollara düşüb.

Eyni zamanda, Azərbaycan iqtisadçıları qonşu ölkələrdə baş verən proseslərin qısa müddətdə Azərbaycan manatına təsir edəcəyinə inanmırlar.

İqtisadçı Natiq Cəfərli bildirib ki, hökumətin ciddi bir devalvasiyaya gedəcəyinə inanmır.

"Ancaq qonşu ölkələrdə baş verən belə proseslər nəticəsində ilin sonuna qədər manatın məzənnəsi dollarla müqayisədə 10-15 faiz düşə bilər", - deyə o, hesab edir.

Onun fikrincə, qonşu ölkələrdə baş verən proseslər Azərbaycana həm orta, həm də uzunmüddətli perspektivdə təsir edəcək.

"Türkiyə və Rusiya Azərbaycanın aktiv ticarət tərəfdaşlarıdır. İndi birbaşa təhlükə olmasa da, manata psixoloji təzyiq var. Gələcəkdə bu, qeyri-neft məhsullarının ixracına təsir edə bilər. Əlbəttə, manatın məzənnəsi inzibati tədbirlər nəticəsində sabitdir. Lakin yaxın gələcəkdə bu ölkələrdən gətirilən malların həcmi artacaq, çünki bu ölkələrdə milli valyutanın qiymətdən düşməsi qiymətlərin azalmasına gətirib çıxardı və bu, orada müxtəlif növ malların alınmasına imkan yaradır".

O qeyd edib ki, manata dünyada neftin qiymətləri çox təsir edir. Onun fikrincə, neftin barrelinin qiyməti 70 ABŞ dolları olanda milli valyuta inzibati üsullarla saxlanıla bilər.

Maliyyə məsələləri üzrə ekspert Samir Əliyev deyib ki, əgər Azərbaycanda üzən rejim, bazar şərtləri olsaydı, onda qonşu ölkələrin prosesləri milli valyutaya təsir göstərəcəkdi.

"Dünyada neftinin qiyməti 70 dollardır. Bu, hökumətə imkan verir ki, manatın sabitliyini qorusun. Bu zaman kapital axınının qarşısını almaq da lazımdır. Ancaq sual yaranır: manatın məzənnəsini saxlamaq lazımdırdmı?".

Onun fikrincə, indiyədək hökumət 2015-ci ilin devalvasiyası ilə əlaqədar yaranmış problemləri aradan qaldıra bilməyib. Digər tərəfdən, manatın devalvasiyası qeyri-neft sektorunun inkişafı üçün faydalıdır.

"Əgər qonşu ölkələrdə böhran qısa müddətli olarsa, onda heç bir təhlükə yoxdur. 2002-ci ilin böhranı zamanı bir çox ölkələrin milli valyutaları devalvasiyaya uğrasa da, Azərbaycan hökuməti manatın məzənnəsini qorudu. Mən hesab edirəm ki, əgər qonşu ölkələrdə gedən proseslər ilin sonuna qədər dayanmasa, manat 10-15% qiymətdən düşə bilər. "

Azərbaycan Dövlət Neft Fondu da qonşu ölkələrdə valyutaların vəziyyəti ilə bağlı şərhlər verib.

Fondun şərhində deyilir ki, investisiya portfelinin şaxələndirilməsi üçün yalnız ABŞ, Avrozona, Böyük Britaniya kimi dünyanın aparıcı iqtisadiyyatlarına deyil, Çin yuanı, Koreya vonu, Avstraliya dolları, Rusiya rublu, Türkiyə lirəsi kimi xarici valyutalarda investisiya qoyulub..

"İkinci rübün sonuna qədər Dövlət Neft Fondunun investisiya portfelində Türkiyənin dövlət istiqrazları 0,9%, Rusiyada investisiyalar isə 0,9% təşkil edir. Cari bazarın vəziyyətini nəzərə alaraq, Fondun investisiya strategiyası müvafiq orta və uzunmüddətli real gəlirlərə uyğun gəlir".

Fondda qeyd ediblər ki, bu ölkələrdəki risklərin nəzərə alınmaqla bazarın konyunkturu və gözləntiləri ciddi şəkildə təhlil edilir. Zərurət olduqda investisiya portfelində dəyişikliklər ediləcək.

XS
SM
MD
LG