Accessibility links

Malta Today: Əliyev qızları qapanmış Malta bankından €15 milyon avro köçürüb


Arzu və Leyla Əliyeva

Azərbaycanın hakim ailəsi ilə Malta siyasi dairələri arasındakı şübhəli maliyyə münasibətləri və jurnalist qətli kiçik Aralıq Dənizi ölkəsinin siyasi gündəmini zəbt edib.

"Azərbaycan diktatoru İlham Əliyevin qızları 2015-ci ilin sentyabr ayından 2016-cı ilin mart ayınadək artıq bağlanmış Pilatus Bankındakı hesablarından Dubayda qərargahlnan Palma Consulting DMCC şirkətinə üç ayrı tranzaksiyada €14.9 milyon avro pul köçürüb," Malta Today qəzetinin "Azərbaycan hökmdarı İlham Əliyevin qızları Pilatusdakı hesablarından Dubay şirkətinə 15 milyon avro pul köçürüb" adlı məqaləsi başlayır.

Məqalə müəllifi Ceyms Dobononun yazdığına görə, pul Pilatus bankında dörd hesabı olan və Prezident İlham Əliyevin qızları Arzu və Leylaya məxsus
Sahra FZCO şirkətinin hesabından köçürülüb.


Sahra FZCO Birləşmiş Ərəb Əmirliklərində qərargahlanır və benefisiar sahiblərinin daşınmaz əmlak aktivlərini qorumaq üçün təsis olunub. Şirkətin gəlir mənbəyi olaraq Sofitel Dubai Palm Resort and Spa və Yassat Gloria Hotel Apartments göstərilir.

Məqalədə bildirildiyinə görə, bu məlumatlar qətlə yetirilmiş jurnalist Dafne Karuana Qalizianın (Daphne Caruana Galizia) irəli sürdüyü ittihamlar nəticəsində başladılan məhkəmə istintaqı çərçivəsində əldə olunub.

Dafne Qalizia Leyla Əliyevaya məxsus Al Sahra FZCO-nun Pilatus bankındakı hesabından Panamadakı Egrant Inc adlı gizli bir şirkətə 1 milyon dollar pul köçürdüyünü iddia etmişdi. Egrant Inc baş nazirin sabiq aparat rəhbəri Kit Şebmri ilə sabiq energetika naziri Konrad Mizzinin sahib olduqları digər iki ofşor şirkət ilə birlikdə təsis olunub.

Məhkəmə Sahra FZCO-dan Dubaydakı başqa bir şirkətə böyük miqdarda pul köçürüldüyünə dair dəlil tapsa da, heç bir hesabı olmayan Egrant və ya Mişel Muskatın sahib olduğu heç bir şirkətə bənzər pul köçümərsinin olduğuna dair sübut aşkar etməyib.

“Dafne Karuana Qalizianın iddialarında qeyd edildiyi dövlərdlə Sahra FZCO-nun Maltadakı Pilatus Bankındakı hesabından Dubaya böyük miqdarda pul köçürülüb. Lakin biz Dubayda bu pulları alan Palma Management Consulting DMCC şirkəti ilə Mişel Muskat və ya Egrant adlı şirkətə edilən ödəmələr arasında əlaqənin olduğuna dair heç bir dəlil aşkar etməmişik” - deyə, bankdan və Nexia serverlərindən əldə olunan məlumatı təhlil edən Harbinson məhkəmə mühasibləri bildirib.

Debononun sözlərinə görə, Pilatusdan əldə olunan məlumatlar arasında azərbaycanlı diktatorun qızları, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğulları və onların biznes şəbəkələri, agentləri, tranzanksiyaları və əməliyyat üsulları ilə bağlı çox sayda sənəd olub.

Debono yazır ki, Sahra FZCO İlham Əliyevin qızlarına məxsusdur və Pilatus Bankında dörd hesabı olub. 2015-ci ilin sentyabr ayı ilə 2016-cı ilin mart ayları arasında tranzaksiyaların ümumi dəyəri 21.4 milyon avro təşkil edib. Bu tranzaksiyaların əhəmiyyətli hissəsi Dubayda müxtəlif şirkətlərə, o cümlədən Palma Management Consulting DMCC-yə edilib.

İstintaqda Palmanın kimə məxsus olduğu açıq qeyd olunmasa da, onun Robert Beyker və Tamer Aidi ilə yaxın əlaqəsi olduğu bildirilir. Robert Beyker Əliyevanın Pilatusdakı hesabını təsdiq edən əsas şəxsdir, Tamer Aidi isə hesabı təsdiq edən digər şəxs Farnuş Farsiarın həyat yoldaşıdır.

Egrant-la əlaqəsi yoxdur

İstintaqda 1.017 milyon dollar dəyərində tək tranzaksiyanın olduğu və belə bir ödənişin Egrant adlı şirkətə edildiyi aşkar olunmayıb, amma üç mühüm pul köçürmələrinin olduğu bildirilib. Bunlardan birincisi 2015-ci ilin sentyabrın 4-də Pilatusda AED şirkətinin yeni açılmış hesabından Dubayda Palma şirkətinə 14.2 milyon avroluq transfer, 2015-ci ilin dekabrın 7-də Palmaya 226,796 avro, 2016-cı ilin yanvarın 18-də də Palmaya əlavə 560,482 avroluq transfer daxildir. Bu tranzaksiyalar Karuana Qalizianın iddia etdiyi dövrlərdə Sahra FZCO-nun bank hesabından ABŞ dolları ilə edilən yeganə tranzaksiyalardır.

Hesabatda pulun daha sonra Dubayda Muskata məxsus başqa bir şirkətə köçürülmə ehtimalı istisna olunmayıb.

İstintaqda həmçinin Egrantın Pilatusa bankında hesab açmadığına dair nəticə çıxarılıb.

Məqalədə deyilir ki, bu məsələ ilə bağlı məlumatları sızdıran Maria Efimovanın iddialarında qarışıqlıq yaradan bir maraqlı detal odur ki, Heydərovlara məxsus Shams Al Sahra şirkətinin hesabının nömrəsi 101731 olub. Bu rəqəm isə Karuana Qalizinanın Muskatın Əliyevaya köçürdüyünü iddia etdiyi məbləğlə eynidir. “Bu təsadüf də ola bilər, olmaya da bilər”, hesabatda qeyd edilib.

"Sahra FZCO ilə Shams Al Sahra arasında yaxın əlaqələr var. Belə ki, hər iki şirkət Emirates Hills First-də əmlaka sahibdir. Onların Pilatusdakı hesablarını təsdiqləyən şəxslər Robert Beyker və Farnuş Farsiar olub. Shams Al Sahra FZCO-nun sahibləri Tale və Nicat Heydərovlardır. Palma Management Consulting şirkəti də Əlieyvalar isə Həydərovların şirkətlərinə inzibati xərclər üçün böyük məqbləğdə pul ödəyir", məqalədə yazılıb.

Malta və Azərbaycan

İstintaqda Muskatla Əliyevləri əlaqələrinə dair dəlil tapılmasa da, Azərbaycanın hakim elitasının böyük məbləğdə pul koçürmələri ilə üçün tez-tez Pilatus bankından istifadə etdiyi təsdiq olunub.

Məqalədə yazılana görə, Maltanın Azərbaycanla LNG elektrik stansiyasını idarə edən Electogras konsorsiumunun bir hissəsi olan ARDNŞ (SOCAR) vasitəsilə əlaqəsi var. SOCAR Shell-dən qaz alıb hissəsi olduğu Electogras-a satır. Enerji üzrə ekspert Simon Pirani bunu “qeyri-adi sistem” adlandırıb. Muskat 2014-cü ilin dekabr ayında Bakıya səfəri zamanı İlham Əliyevlə birbaşa danışıqlar aparıb. Həmin danışıq nəticəsində iki ölkə arasında enerji sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti olan Leyla Əliyeva 2014-cü ilin fevral ayında baş nazirin həyat yoldaşı Mişel tərəfindən Girgenti Sarayında qəbul edilib.

Qətllə bağlı araşdırmalar

Bir neçə gün öncə Malta Today qəzetində dərc olunan "Lüksemburqun kəşfiyyat firması Karuana Qalizianın qətlinin arxasında Azərbaycanın olduğunu iddia edir" adlı məqalədə bildirilirdi ki, Lüksemburqa Sandstone adlı özəl kəşfiyyat firması jurnalist Dafne Karuana Qalizianın ölümünün Rusiya və Azərbaycan dövlətinin birgə dəstəyi ilə təşkil olunmuş bir qətl olduğunu iddia edib.

Məqalənin müəllifi Metyu Vellanın sözlərinə görə, EUObserver qəzetinin əlinə keçən araşdırmanın bir çıxarışında Rusiya prezidenti Valdimir Putin və İlham Əliyevin Karuana Qalizianı çeçen qatil vasitəsilə öldürmək üçün sui-qəsd təşkil etdikləri bildirilib.

Kəşfiyyat firması Britaniyanın Chelgate adlı PR şirkəti tərəfindən işə alınıb. Chelgate özü həm də Malta höküməti tərəfindən onu Britaniyanın Nümayəndələr Palatasında "saxta xəbər" təhqiqatında müdafiə etmək üçün işə cəlb edilib.

“Chelgate-in əsas məqsədi seçkilərə müdaxilədə ittiham olunan Britaniya şirkəti Stateji Kommunikasiyalar Laboratoriyaları (SCL) ilə leyboristlər hökümətinin HƏR HANSI əlaqələrinin olduğuna dair itthamlara qarşı mübarizə aparmaq idi", məqalədə yazılır.

Dafne Karuana Qalizia
Dafne Karuana Qalizia

EUObserver-in dərc etdiyi tədqiqatın bir çıxarışında deyilir ki, Sandstone firması Azərbaycan prezidenti İlham Əliyevin “Maltanın yüksək vəzifəli rəsmiləri, o cümlədən baş nazir Cozef Muskat və onların adadakı tərəfdaşları ilə danılmaz əlaqələri var.”

Sandstone həmçinin qətlin təşkilatçısının “dövlət orqanları ilə əlaqəsi olmayan təcrübəli peşəkar”ın olduğunu irəli sürür.

Karuana Qalizianın oğlu Metyu EUObserverə müsahibəsində bu çıxarışları “dəlilik” adlandırıb.

Məqalə müəllifi yazır ki, Sandstone-un idarəedici tərəfdaşı Frans Şneyder bir vaxtlar Lüksemburqun kəşfiyyat xidmətində əməliyyat idarəsinin rəhbəri olub. Amma o bu hesabatdan xəbərdar olmadığını deyib. “Mən şirkətimin sizin təsvir etdiyiniz kimi bir hesabat hazırladığından xəbərdar deyiləm,” o EUObserver-ə bildirib.

“Chelgate-in İcmalar Palatasının komitəsinə yolladığı məktubun tam versiyası gizli olaraq qalır. Hökümət artıq şirkətin müştərisi deyil və Chelgate məxfi məlumatları yaymayacağına dair razılıq imzalayıb,” məqalədə yazılır.

“Malta İcmalar Palatası komitəsinə petisiya göndərərək parlament üzvlərinin SCL-in Muskatın Leyboristlər partiyasına xidmət verdiyini iddia edən “adı açıqlanmayan mənbələri” dinlədiyini bildirib”, məqalədə qeyd olunub.

Malta hökumət aparatının rəhbəri Kith Şembri polisin 2017-ci ildə jurnalist Dafne Karuana Qalizianın öldürülməsi ilə əlaqədar istintaqın davam etdiyi vaxt çərşənbə axşamı istefa verib. Bu haqda baş nazir Cozef Muskat jurnalistlərə açıqlamasında bildirib.

Bu, jurnalistin qətli ilə əlaqəli aparılan istintaqda yeni bir irəliləyişdir.
Kith Şembri istefa bildirişini baş nazirə şəxsən təqdim edib. Hələ ki, istefa etməkdən imtina edən baş nazir isə "təlatümlü vaxtda" xalqa kömək etməli olduğunu bildirib.

Ölkənin ən nüfuzlu araşdırmaçı jurnalistlərindən biri olan Karuana Qalizia 2017-ci ilin oktyabr ayında evinin qarşısında bomba quraşdırılımış avtomobilin partladılması nəticəsində həyatını itirmişdi.

Bu qalmaqalda Azərbaycanın da adı hallanır. Belə ki, jurnalist Dafne Karuana Qalizia müxtəlif banklar və maliyyə qurumları vasitəsilə külli miqdarda pulların yuyulması və üçüncü ölkəyə göndərilməsi faktlarını araşdıraraq üzə çıxarıb. Göndərilən pulların mənbələri arasında Azərbaycan, Moldova və Rusiya da göstərilib.

Azərbaycan hakimiyyəti indiyədək bu iddialara münasibət bildirməyib.

XS
SM
MD
LG