Accessibility links

“8 MARŞ” yürüşünün iştirakçısı intihara cəhd edib


Aysel Ələkbərzadə yürüşdə
Aysel Ələkbərzadə yürüşdə

Bakıda martın 8-də Azərbaycan Feminist Hərəkatının keçirdiyi `8 MARŞ” yürüşündə qaldırdığı şüara görə tənqid və təhqirlərə məruz qalan Aysel Ələkbərzadə martın 10-da yaşadığı binanın ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, 1996-cı il təvəllüdlü qadın martın 10-da Yasamal rayonunda binanın ikinci mərtəbəsindən özünü atıb.

“O, sol bud sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda əməliyyata hazırlanır. Vəziyyəti stabil-ağırdır,” mətbuat xidməti bildirib.

Aysel Ələkbərzadə Facebook səhifəsində intihara cəhd edəcəyini yazıb. O, intiharında şəxsi münasibətlər zəminində bir sıra şəxsləri günahlandırır və sonda yazır: “Mən son dəfə deyirəm. Məhv olsun Patriarxat, yaşasın Feminizm!! Salamat qalın....” Aysel Ələkbərzadə Facebook səhifəsində yazıb.

Feminstlərin yürüşündən sonra yürüş iştirakçısı Zəhra Kələntərova da fiziki təzyiqə və hədələmələrə məruz qaldığını yazıb.

Zəhra Kələntərova yürüşdə
Zəhra Kələntərova yürüşdə

“Dünən getdiyim 8 MARŞ yürüyüşünə görə bu gün dayım evə "söhbət eləmək" niyyəti ilə gəlib mənə qarşı şiddət göstərdi, boğmağa cəhd etdi. Hələ bunlar bəs etməyə-etməyə ölümlə hədələdi,” Kələntərova Facebook səhifəsində yazıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatına görə, faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, istintaq əsas fərziyyə kimi Aysel Ələkbərzadənin feminist hərəkatının ayrı-ayrı üzvləri tərəfindən qanunsuz aksiyanın qurbanına çevrilməsi istiqamətində aparılır.

Eldar Sultanovun sözlərinə görə, cinayət işi üzrə feministlərin fəalları Aslan Həmidli, Nurlan Cəfərov (Nurlan Libre təxəllüslü), Yusif İsayev dindirilib.

"Aysel Ələkbərzadənin aksiya zamanı istifadə etdiyi provokasiya xarakterli şüarın kimlərin təşəbbüsü ilə hazırlanması, ona təqdim olunması və aksiyada nümayiş etdirilməsi xüsusatları araşdırılır və qanunazidd hərəkətlərə yol vermiş şəxslər barəsində ciddi tədbirlər görüləcək. Aksiyanın təşkilatçıları, fəalları, eləcə də Rəbiyyə Məmmədova, Nərmin Şahmarzadə, Xədicə İsmayıl və digər şəxslərin dindirilməsi təmin olunacaq," o qeyd edib.

Xədicə İsmayıl Facebook səhifəsində ironiya ilə yazıb ki, təşkilatçısı olmadığı, iştirak etmədiyi aksiyadan sonra tanımadığı, heç vaxt ünsiyyət eləmədiyi qızın intihar cəhdi etməsi ilə bağlı dindiriləcək.

“Eldar Sultanova biri desin ki, 125-ci maddə ilə mənə torba tikmək üçün saxta sübutlar düz qoş etdiklərinə görə Azərbaycan hökuməti yenicə cərimələnib.

Bu arada, ifadəmdə gərək deyim ki, qızı intihar cəhdinə çatdırmaqda Mirşahini (Real televiziyasının rəhbəri Mirşahin Ağayevi nəzrdə tutur-red.) şübhəli bilirəm. O qızın şəklini qoyub, ağzına gələni deyən o idi,” o qeyd edib.

Öz növbəsində, Mirşahin Ağayev hələ buna münasibət bildirməyib.

Martın 8-də Feminist Hərəkatı "8 MARŞ - Bizimdir Hürr Küçələr" şüarı ilə Bakıda yürüş keçirib. Aksiyada “Şiddətə susma!” şüarı da qaldırılıb.

Yürüş “Küçələrdən qorxma, azadlığını boğma!” şüarı ilə başlayıb. Daha sonra “Susmaq yoxdur, üsyan var!” şüarları səsləndirilib, qadın hüquq və azadlıqları ilə bağlı plakatlar qaldırılıb.

XS
SM
MD
LG