İran Azərbaycanının Marağa şəhərində yerləşən 900 illik tarixi abidənin qorunub saxlanılması üçün heç bir tədbir alınmadığı və binanın hər an ciddi xəsarət ala biləcəyi bildirilir.
Tikilinin 1148-ci ilində qırmızımtıl bişmiş kərpicdən inşa edilməsi üzündən Qırmızı Günbəz adlanan bu möhtəşəm tarixi binanın hal-hazırda qapısının qırıldığı barədə İran mətbuatında məlumat yayılıb.
İnqilab Keşikçiləri Korpusuna yaxın Tasnim xəbər agentliyi tarixi abidənin pis durum düşməsinin Marağa bələdiyyəsi və Mədəni İrs İdarəsinin arasındakı ixtilafdan qaynaqlandığını yazıb.
Böyük Səlcuq İmperiyasının dövrünə aid olan və Azərbaycan memarlığının bənzərsiz nümunəsi olan Qırmızı Günbəz türbəsi narkomanların toplaşdığı bir məkana çevrilərək, acınacaqlı durumda olduğu bildirilir. Xəbərlərə görə, tikilinin ətrafında və içində narkotik maddə istifadəçilərinin toplaşması və od yandırması tarixi abidənin xəsarət almasıına səbəb olub. Həmçinin türbə düzgün şəkildə mühafizə edilmədiyi üçün bəzi yerlərinin nəm çəkməsi nəticəsində binanın gələcəkdə ciddi xəsarət alacağı ehtimalını çoxaldır.
Qırmızı Günbəz türbəsi təxminən 900 il əvvəl kərpic və kaşı ilə inşa edilmiş, hündürlüyü 8 metr, iki mərtəbəli, dördbucaqlı bir binadır və daşdan bünövrənin üzərində ucaldılmış sərdabə və əsas otaqdan ibarətdir.
Marağa şəhərində Göy Günbəz türbəsi 1194-cü ildə inşa edilmiş Səlcuq dövrünə aid digər memarlıq əsəri də mövcuddur. Marağa Səlcuq və Elxanilər dövrünə aid 4 qülləsi və tarixi günbəzləri ilə məşhurdur.
Qırmızı Günbəz türbəsi Azərbaycan hakimi Əbüləziz Mahmud oğlunun əmri ilə, memar Bəkir Məhəmməd oğlu tərəfindən inşa edilmişdir.
Elxanilər dövlətinin qurucusu Hülaku Xanın əmri ilə 1259-cu ildə teleskopun ixtirasından öncə inşa edilmiş olan Marağa rəsədxanasının durumunun da yaxşı olmadığı bildirilir. Sosial mediada yayımlan bir sıra videolarda rəsədxanaya nəzarət edilmədiyi müşahidə edilir.