Accessibility links

Google Amerikanın ilk qadın astronomu Mariya Mitçellin xatirəsini anır


Google axtarış saytı avqustun 1-i öz səhifəsini Amerikanın ilk qadın astronomu Mariya Mitçellə həsr edib. Bu gün Mariya Mitçellin anadan olmasının 195 illiyi qeyd edilir.

Mariya Mitçell 1818-ci ildə Massaçusets ştatının Nantuket şəhərində dünyaya gəlib. O dövrün ənənələrindən fərqli olaraq, Mitçellərin ailəsində qızların təhsilinə böyük diqqət verilir və genderlərarası intellektual bərabərlik prinsipinə əməl edilirdi.

Atası Vilyam Mitçellin məktəbində təhsil alan Mariya astronomiya elmini də atasından öyrənməyə başlamışdı. Atasının teleskopu onun uşaq yaşlarından yaxın dostu, sirdaşı olmuşdu. Bu teleskopla o, göy cisimlərini seyr edir, kainatın sirlərini öyrənməyə çalışırdı. Artıq 11 yaşında olarkən Mariya Mitçell atasına günəş tutulmasının vaxtını müəyyən etməyə kömək etmişdi.

1847-ci ildə oktyabrın 1-də o, teleskop vasitəsilə səmada yeni komet aşkar etmişdi. Kometə onun adı qoyulmuş və o, “Xanım Mariya Mitçell” adlandırılmışdı. Danimarka kralı Frederik bu tapıntıya görə onu medalla təltif etmişdi.

Mariya Mitçell elmi fəaliyyətini davam etdirmiş və Amerika Elm və İncəsənət Akademiyasının ilk qadın üzvü olmuşdu. 1865-ci ildə o, Vassar kollecində astronomiya elmləri professoru, sonra isə kollecin rəsədxanasının direktoru təyin edilmişdi.


Mariya Mitçell
Mariya Mitçell
Mariya Mitçellin adı Amerika tarixinə təkcə ilk qadın astronom kimi düşməyib. O həm də qadın və insan hüquqları sahəsində fəaliyyətinə görə dövrünün ictimai xadimi kimi tanınır. Buna görə də onun adının qarşısında birinci sözü tez-tez işlənir.

19-cu əsrin ortalarında onun yaşadığı dövrdə qadınlar elm dünyasında demək olar heç bir mövqe tutmurdu. Mariya Mitçell Vasser kollecində professor olduğu illər biliyi və təcrübəsinin daha çox olmasına baxmayaraq, kişi professorlardan daha az maaş aldığını öyrənəndən sonra ona eyni maaş verilməsini tələb etmiş və buna nail olmuşdu.

Amerikada vətəndaş müharibəsi zamanı quldarlıq əleyhinə fikirlərini söyləməkdən çəkinməyən Mariya Mitçell qul əməyinə etiraz əlaməti olaraq pambıq parçalardan geyim geyməkdən imtina etmişdi. O, Amerikada qadın hüquqları uğrunda mübarizə aparan öncül qadınlardan biri olmuşdur. Mariya Mitçell 1873-cü ildə Amerika Qadın İnkişaf Assosiasiyasının təsis edilməsinə kömək etmişdi. O, 1889-cu ildə dünyasını dəyişib.

Massaçusets ştatının Nantuket rəsədxanası və elm muzeyinə Mariya Mitçelllin adı verilmişdir. Ayın kraterlərindən birinin adı da onun şərəfinə Mariya Mitçell adlandırılmışdır.

İki əsr bundan öncə dünyadan getməsinə baxmayaraq, Mariya Mitçellin həyatı, fəaliyyəti və qoyduğu irs kainatın sirlərini öyrənən və bərabərlik uğrunda mübarizə aparan insanları bu günə qədər ruhlandırmağa davam edir.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG