Accessibility links

Martin Lüter Kinqin xatirə günü pandemiya və siyasi zorakılıqlarla bağlı xəbərdarlıqlar fonunda qeyd edilir


Amerikalılar bazar ertəsi Martin Lüter Kinq Gününü bir çox tədbirin onlayn keçirildiyi pandemiya dövründə və ölkənin yeni seçilmiş prezident Co Baydenin inaqurasiya mərasimi ilə əlaqədar siyasi zorakılıqlar təhlükəsi ilə qarşılaşdığı bir vaxt qeyd edir.

Hər il yanvar ayının üçüncü bazar ertəsi amerikalılar 1950-60-cı illərdə cənub ştatlarında seqreqasiyaya qarşı çıxaraq, qaradərililərə qarşı ayrı-seçkiliyə son qoyulması və səsvermə hüquqlarının təmin edilməsi tələbi ilə dinc nümayişlərin təşkilatçısı olmuş qətlə yetirilən vətəndaş hüquqları müdafiəçisinin xatirəsini anır.

Kinqin xatirə günü ənənəvi olaraq insanlar onu ictimai layihələrdə iştirak edərək xatırlamaqla qeyd edir. Lakin həm pandemiya, həm də ölkədə mümkün zorakılıqlarla bağlı xəbərdarlıqlara görə bu il xatirə gününün qeyd olunmasına təsir göstərib.

Bu il Martin Lüter Kinqin xatirə günü Baydenin Vaşinqtonda inaqurasiya mərasimindən iki gün əvvələ təsadüf edir. Lakin Trampı dəstəkləyən bir qrupun Kapitoli binasına 5 nəfərin ölümü ilə nəticələnən basqınından sonra təhlükəsizliyin təmin edilməsi üçün paytaxta Milli Qvardiyanın 25 minə qədər əsgəri yerləşdirilib.

Federal rəsmilər iğtişaşlarda iştirak edənlər arasında bəzilərinin ağ supremasistlər olduğunu deyib. Rəsmilər həmçinin paytaxt Vaşinqtonda və ölkənin digər ştatlarının paytaxtlarında bundan sonra da siyasi zorakılıqların mümkünlüyü barədə xəbərdarlıq edib.

İnauqurasiya mərasimi ilə əlaqədar Vaşinqtonun Milli Xiyabanı ictimaiyyət üçün bağlanıb. Təhdidlər səbəbi ilə şəhərin ictimai nəqliyyat sistemi kəskin şəkildə məhdudlaşdırılıb.

1950-1960-cı illərin vətəndaş hüquqlarının müdafiəsinin önündə gedən Martin Lüter Kinqin 1963-cü ildə paytaxt Vaşinqtonda “Mənim bir arzum var” adlı çıxışı ilə milyonlarla insanı ilhamlandırmışdı. O vaxt Vaşinqtonda keçirilən mitinqdə 250 mindən çox insan iştirak etmişdi. Kinqin başçılıq etdiyi mitinqin məqsədi qanunvericilərə irqi ayrı-seçkiliyə son qoyacaq vətəndaş hüquqlarına dair qanun layihəsini qəbul etmək üçün təzyiq göstərmək olub. Onun qeyri-zorakı etiraz aksiyaları və nitqləri vətəndaş hüquqları hərəkatını irəliyə aparmış və bərabərlik məsələsini bütün ölkənin diqqət mərkəzində saxlamışdı.

Martin Lüter Kinq 1964-cü ildə Nobel Sülh mükafatına layiq görülüb. Həmin il prezident Lindon Conson Vətəndaş Hüquqarı Aktına, bundan sonrakı il isə Səsvermə Hüquqları Aktına imza atıb. Bu sənədlər ictimai yerlərdə irqi ayrı-seçkiliyi qadağan etdi və qaradərililərin səsvermə hüququndan məhrum edilməsi təcrübəsinə son qoydu.

XS
SM
MD
LG